BSU-da Novruz şənliyi keçirilib

    

      Martın 19-da Bakı Slavyan Universitetinin ikinci tədris binasında Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

       Tədbirdə prorektorlar, fakültə dekanları, müəllim və tələbələr iştirak ediblər.
     Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, BSU-nun dosenti İbrahimpaşa Babayev, dosent Telman Kazımov, baş müəllim Namiq Qafarov  müəllim və tələbələri bayram münasibətilə təbrik edib, onlara firavan həyat, bol ruzi-bərəkət arzulayıblar.

                 

     Novruz bayramının tarixindən danışan çıxışçılar bildiriblər ki, xalqımızın qədim  tarixindən müasir günümüzədək gəlib çatmış bu milli bayram Azərbaycanın bütün regionlarında təntənə ilə qeyd olunur. Xalqımız öz milli adət-ənənələrinə, folkloruna, milli mənəvi dəyərlərinə həmişə yüksək qiymət verir, onu göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməyi özünə borc bilir.

     Çıxışçılardan sonra bayram tədbiri Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib. Tələbələr tonqal üstündən atılıb, yumurta döyüşüb və digər maraqlı səhnəciklər nümayiş etdiriblər.