Tələbəmizi yaxından tanıyaq

                  

“Barmaqların karatedə sınsa, fortepianoda ifa edə bilməyəcəksən...”

 Zeynalova Vüsalə Rafael qızı - 1999-cu ildə Bakıda anadan olub. 59 saylı məktəbdə 9 il təhsil aldıqdan sonra təhsilini 28 saylı Zəngilan orta məktəbində davam etdirib. 2017-ci ildə Bakı Slavyan Universitetinin filologiya və xarici dil müəllimliyi fakültəsinə qəbul olub. Karate üzrə 6 qızıl, 10 gümüş, 5 bürünc medalın sahibidir.

     İdmana marağım uşaq yaşlarından başlayıb. Məktəbdə oxuyarkən hər il yay tətillərində idmanın müxtəlif növləri ilə məşğul olurdum. Gimnastika, akrobatika, cüdo, karate idman növləri əsas maraq dairəmdə idi. İdmanla yanaşı musiqiyə də həvəsim var idi. 7 illik musiqi məktəbində fortepiano təhsili almışam. Müəllimlərim hər zaman deyirdilər ki, barmaqların karatedə sınsa, fortepianoda ifa edə bilməyəcəksən. Müəllimlərimin məsləhətini dinlədim və karate məşqlərini dayandırdım. 9-cu sinifdə musiqi məktəbini bitirdim. 2015-ci ildə Sərhədçi İdman Kompleksində qeydiyyatdan keçərək yenidən karateyə başladım.

     Filologiya ilə karate arasında yerlə göy qədər fərq var. Boş vaxtlarımı hədər verməyi uşaqlıqdan sevməmişəm. Fortepiano ilə yanaşı 5 il də xor ifaçısı olmuşam. Filologiya fakültəsinə anamın arzusu ilə qəbul oldum. Əslində III qrupa hazırlaşmağıma səbəb hərbçi olmaq arzum idi. İndi alman filologiyasında oxuduğuma görə hərbçi olmaq şansım var və indi bu əsas hədəfimdir.

     Qazandığım hər uğurun arxasında ailəm dayanır. Ən böyük dəstəkçim valideynlərim və nənəmdir. Anamı 2017-ci ildə itirdim. İndi o, mənimlə olmasa belə, digər ailə üzvlərim bütün işlərimdə dayaq olmağa çalışırlar. Ailəmdən sonra mənə ən çox dəstək olan insan məşqçim Tərlan Cavadovdur. Bütün uğurlarımı məşqçimə borcluyam. Günümün çox hisssəsini idman zalında keçirtdiyim üçün Tərlan müəllim ən yaxın dostuma çevrilib.

     İlk yarışım 2015-ci ilin oktyabr ayında keçirilən Klublararası Çempionat oldu. Çox həyəcanlı olmağıma baxmayaraq 3-cü yeri qazandım. İlk uğurum mənə daha çox stimul verdi. Həmin ilin noyabr ayında özümdən qat-qat güclü Avropa 2-cisi olmuş idmançı xanımla döyüşməli oldum. 5 aydır karate ilə məşğul olmağıma rəğmən 1-ci yeri qazandım. Və bu yarışdan sonra hər kəs məni tanımağa başladı. Çünki, sarı kəmər ustası olsam da, qara kəmər ustası olan idmançıya qalib gəlmişdim. Bundan sonra Klublararası Bakı Çempionatlarında dəfələrlə I, II, III yerləri qazandım. Bakı Olimpiya Çempionatında II yer qazanmağım məni daha da həvəsləndirdi.

    Ölkə xaricində ilk yarışım Gürcüstanda olub. Nəfəs yollarım hələ tam açılmasa belə III yer qazanmışdım. 2016-cı ilin sentyabrında İranda keçirilən seminarda sertifikat qazandım. İdmanla yanaşı ali məktəbə də hazırlaşırdım. Həmin vaxt Avropa Çempionatına qatıldım, 3 rəqibi də keçərək, III yer qazandım. 2 ilə yaxın karate ilə məşğul olmağıma baxmayaraq Avropada yer tutmağım mənim üçün bir uğur idi. Bu yarışdan sonra Respublika Çempionatında I yeri qazandım.

                       

     Ali məktəbə qəbul olduğuma görə məşqlərə fasilə verdim, yarışlara çıxmağı dayandırdım. Lakin cəmi 3 ay sonra 2018-ci ilin fevral ayında İranda keçirilən Qadınlararası Çempionatda II yer tutdum. İranda qadınlar arasında keçirilən yarışlarda kişilərin iştirakına icazə olmadığına görə Azərbaycandan gedən 9 idmançıya məşqçi olmaq məcburiyyətində qaldım. Məni həmin yarışda dəstəkləyən məşqçim yanımda olmadığına görə özüm-özümü motivasiya etdim. Belə bir şəraitdə 2-cilik qazanmaq böyük uğur idi.

        İlk dəfə "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar olaraq 2017-ci ildə Fəxri Fərman aldım. 2018-cı ilin mart ayında "Bədən Tərbiyəsi və İdman Günü"ndə Yasamal rayon icra başçısının birbaşa göstərişi ilə 2-ci Fəxri Fərmanımı qazandım. 
Karate mənə səbrli olmağı, özümə güvənməyi və güclü hissiyyata sahib olmağı öyrətdi. Karate elə bir idman növüdür ki, qarşındakı rəqibinin hansı zərbə atacağını əvvəlcədən hiss edirsən. Bu, real həyatda mənə daha çox kömək olur. Karatedə “kata” deyilən hərəkət növləri var ki, bu zaman yalnız burunla nəfəs almalısan. Nəfəs yollarımda yaranan allergiyamı karate sayəsində 20%-ə endirdim. Həmin hərəkətlər zamanı aldığım xırda nəfəslər allergiyamın sağalmasına kömək oldu.

        10-cu sinifdə oxuğum zaman heç kim bilmirdi ki, mən idmanla məşğul oluram. Bundan xəbər tutan məktəb yoldaşlarım mənimlə zarafat edib “qız hara, idman hara” deyirdilər. Gücümə inanmayan bir oğlana elə bir zərbə endirmişdim ki, bundan sonra hər kəs mənimlə ehtiyyatla davranmağa başlamışdı. Mənimlə yol gedən rəfiqələrim özlərini hər zaman güvəndə hiss edirlər. Axşam saatlarında evə qayıdarkən karate sayəsində qazandığım özünəgüvən hissi mənə yolu daha sərbəst keçməyimə kömək olur.

      Rəqiblərimiz erməni olmasalar belə yarışlarda onlarla göz-gözə mübarizə aparırıq, həmin yarışdan qalib çıxmaq üçün əlimizdən gələni edirik. Yarışlarda heç vaxt erməni rəqibim olmayıb. Çempionatların birində mənimlə bərabər rumın, erməni və gürcü idmançılar yarışırdı. Həmin yarışda mən III yeri, erməni isə IV yeri qazanaraq kürsüdə məndən aşağıda dayandı. Əgər erməni III yerə çıxsaydı, mən Azərbaycan vətəndaşı olaraq düşmənimdən aşağıda olan kürsüyə çıxmayacaqdım. Çünki mən Vətənimin bayrağını erməni bayrağından aşağıda tutmazdım.

       Bütün dəstəyə görə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevaya minnətdarlığımı bildirirəm. Universitetdə tələbə yoldaşlarımla yanaşı mənə dərs deyən, hətta dərs deməyən müəllimlərim belə dəstək olmağa çalışırlar. Sonuncu yarışa gedərkən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, rektorun müşaviri Murad Abitov və BSU İdman Klubunun rəhbəri Sabir Hacıyev məni çox motivasiya etdilər. Qalib gələcəyimə inanırdılar. Və mən yarışdan qalib olaraq Vətənimə geri döndüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm!

                                                                                            Aytəkin Qardaşova