BSU-da təhsil alan əcnəbi tələbələr Şamaxıda olublar

                

     Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi” keçirilib.

       Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak ediblər. Seminara eyni zamanda ali məktəblərdə təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.

     Mühazirələrdə Bakı Slavyan Universitetinin magistrantı Çin vətəndaşı Meng Fantao, tələbələrdən Vyetnam vətəndaşı Phuong Tran Viet və Pakistan vətəndaşı Hussain Sabir iştirak edən əcnəbi tələbələr arasında olublar. BSU-nun əcnəbi tələbələri bir sıra televizya kanallarına Şamaxı səfəri ilə bağlı müsahibə veriblər.

     Əcnəbi tələbələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstünü, sonra Şamaxı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, üzərinə tər qərənfillər düzüblər.

         Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə də baş çəkiblər.

       Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırım faktından danışıb. Təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb.

      Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib.

 BSU-nun mətbuat xidməti