BSU-da Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib

                    

         Fevralın 21-də Bakı Slavyan Universiteti Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

    Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb. Himnin ardınca tədbiri giriş sözü ilə açan Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova bütün iştirakçıları salamlayıb və "Beynəlxaq Ana dili günü" münasibətilə müəllim və tələbələri təbrik edib. N.Novruzova öz çıxışında Azərbaycan dilinin tarixi və bu günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib və dövlətin ana dilinin inkişafı istiqamətində apardığı siyasətin çox əhəmiyyətli olduğunu qeyd edib.

     Sonra iştirakçılara Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin önəmli və dəyərli dil olduğunu əks etdirən videoçarx nümayiş olunub.  

     Tədbirdə fakültə üzrə fəaliyyət göstərən kafedraların müdirləri, müəllimləri çıxış edib, tələbələr ana dili haqqında müxtəlif şairlərin şeirlərini səsləndiriblər.

     Sonda tədbir Gülağa Məmmədovun “Şirin dil” mahnısı ilə başa çatıb.

     Qeyd edək ki, YUNESKO 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.