BSU-nun əməkdaşı Misirdə bir sıra universitetlərin rektorları ilə görüşüb

      

     Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyə Abbasova 19-21 fevral tarixlərində Misir Ərəb Respublikasında yerləşən bir sıra universitetlərin rektorları ilə görüşüb.

     BSU nümayəndəsi əvvəlcə Suez Canal Universitetində qonaq olub. Universitetin rektoru, professor Maqda Mohamed Ü.Abbasovanı qəbul edib. Görüş çərçivəsində Bakı Slavyan Universiteti ilə Suez Canal Universiteti arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

       Ülviyə Abbasova rektor Maqda Mohamedə BSU-nun fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

     BSU-nun fəaliyyətini yüksək qiymətləndirən professor M.Mohamed bu universitetdə slavyan dillərinin tədrisi ilə yaxından maraqlanıb. Qarşılıqlı tərəfdaşlıqla bağlı bir sıra təkliflərə çıxış edən rektor Suez Canal Universitetində rus və ya slavyan dilləri üzrə tərcümə mərkəzinin yaradılması fikrini irəli sürüb. O qeyd edib ki, bu dillərin tədrisi üçün BSU-dan bir qrup peşəkar müəllimlərin Suez Canal Universitetinə dəvəti daha məqsədəuyğundur.

     Azərbaycan, o cümlədən türk dilinin tədrisi, Azərbaycan-türk xalqının mədəniyyəti, tarixi, ədəbiyyatının əcnəbilərə düzgün öyrədilməsi üçün mərkəzlərin yaradılması barədə söhbət açan M.Mohamed bildirib ki, BSU ilə gələcək əməkdaşlıq haqqında memorandumda Azərbaycan və türk dillərini tədris etmək üçün BSU-dan mütəxəssis dəvət olunması da nəzərdə tutulsun.

   Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, memorandumda gələcəkdə “Erasmus+” proqramı çərçivəsində müəllim-tələbə mübadiləsi də öz əksini tapacaq.

     Qeyd edək ki, BSU-nun nümayəndəsi ardıcıl olaraq Misir Elm və Texnologiya Universitetinin, o cümlədən Ain Şəms Universitetinin rektoru ilə də görüşüb. Hər iki universitet rəhbəri BSU ilə əməkdalığa daim hazır olduqlarını dilə gətirərək bir sıra məsələləri müzakirə ediblər.

     Ain Şəms Universitetinin rektoru, professor Abdel Vahab Mohamed Ezzat Bakı Slavyan Universitetində may ayında keçiriləcək Ümummilli Lider Heydərin Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı IX beynəlxalq elmi konfransa rəhbərlik etdiyi universitetin nümayəndə heyəti ilə gəlmək arzusunda olduğunu diqqətə çatdırıb.

                                                                                BSU-nun mətbuat xidməti