Yunanıstanın tanınmış yazıçısı BSU-da qonaq olub

                      

     Fevralın 22-də Yunanıstanın tanınmış yazıçısı Amanda Mixalopoulou Bakı Slavyan Universitetində qonaq olub. BSU-nun rektoru, professor Nurlana Əliyeva tanınmış yazıçını qəbul edib. Görüşə Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Konstantinos Adamopoulos və səfirliyin iqtisadi şöbəsinin müdiri Vassilios Sitaros, BSU-nun prorektorları Telman Cəfərov, Rafiq Novruzov və Cəfər Eyvazov qatılıblar.

   Rektor Nurlana Əliyeva Yunanıstan və Azərbaycan arasında humanitar tərəfdaşlığın genişlənməsində mühüm rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyəti barədə qonaqlara məlumat verib. N.Əliyeva qədim dövrlərdən Yunanıstan mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda böyük maraq olduğunu diqqətə çatdıraraq BSU-da yunan dilinin tədrisi, Müasir yunan dili və mədəniyyəti mərkəzinin fəaliyyəti haqqında da ətraflı söhbət açıb. Rektor BSU tələbələrinin yunan dilindən Azərbaycan dilinə tərcümə etdikləri şeirlər və hekayələrdən danışaraq gənclərin bu dilə olan marağını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, BSU-da keçirilən beynəlxalq konfranslarda yunan milli rəqsinin tələbələr tərəfindən məharətlə ifa olunması gənclərin yunan xalqının mədəniyyətinə olan sevgisindən xəbər verir.

   Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi barədə qonağa məlumat verən Nurlana Əliyeva Xalq Cumhuriyyəti zamanı qazanılan müstəqilliyin təməlində şair və yazıçıların əməyinin danılmaz fakt olduğunu diqqətə çatdırıb.

                    

    N.Əliyeva Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun Bakıda keçirilən rəsm sərgisindən də söz açıb. O bildirib ki, səfirin sərgidə nümayiş olunan əsərlərində qədim və müasir yunan mədəniyyətinin harmoniyası öz əksini tapıb.

   Azərbaycan haqqında müsbət fikirlərini bölüşən Amanda Mixalopoulou yunan dili və ədəbiyyatının Bakı Slavyan Universitetində yüksək səviyyədə tədris olunmasını sevindirici hal kimi dəyərləndirib. A.Mixalopoulou dünya dillərinin öyrənilməsində ədəbiyyatın aparıcı vasitə olduğunu deyib. Yazıçı qeyd edib ki, müəllifi olduğu “Göz” hekayəsi yunan oxuculara hələ təqdim edilməsə də, BSU-nun tələbəsi Əlixan Rəşidov tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Bundan məmnun qaldığını bildirən yazıçı hekayənin ilk oxucularının azərbaycanlılar olmasından məmnun qaldığını xüsusi vurğulayıb.

   Rektorla görüşdən sonra yunan yazar Amanda Mixalopoulou BSU-nun müəllim-tələbə kollektivi ilə görüşüb. Geniş auditoriya qarşısında BSU barədə müsbət fikirlər səsləndirən qonaq müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində BSU-nun tələbəsi Əlixan Rəşidov yunan dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Göz” hekayəsini səsləndirib.

    Sonda Amanda Mixalopoulou səmimi görüşə görə BSU rəhbərliyinə və müəllim-tələbə kontingentinə minnətdarlıq edib. 

    Görüşün ardından qonaqlar BSU-nun Müasir yunan dili və mədəniyyəti mərkəzi ilə tanış olublar.

   Qeyd edək ki, Amanda Mixalopoulou 1966-cı ildə Afinada anadan olub. O, ədəbiyyata ilk dəfə “Axın” jurnalının ən yaxşı hekayə mükafatına layiq görülərək “Oradakı rəngli həyat” hekayələr toplusu ilə gəlib. Yazıçının “Tap” romanı da “Oxuyuram” jurnalının ən yaxşı hekayə nominasiyasında birinci yeri qazanıb. Onun ingilis dilinə tərcümə olunmuş “Mən istərdim ki…” kitabı 2008-ci ildə Amerika İncəsənət Birliyinin Beynəlxalq Ədəbiyyat Fondu mükafatına layiq görülüb. Bu kitab həmçinin müstəqil nəşriyyatların Liberis Liber Doma mükafatına layiq görülüb və Roçester Universiteti tərəfindən tərcümə edilmiş ən yaxşı kitab hesab olunub. Onun “İşıqlı gün” kitabı Afina Akademiyasının Peros Xarris Fondunun ən yaxşı hekayə mükafatına layiq görülüb. Amanda üç romanın, 6 hekayələr toplusunu və bir çox uşaq kitablarının müəllifidir. Onun əsərləri 12 dilə tərcümə olunub.

 BSU-nun mətbuat xidməti