BSU tələbələrinin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş Konfrans keçirilib

            

     Fevralın 19-da Bakı Slavyan Universitetində tələbələrin pedaqoji və istehsalat təcrübəsi keçmələrinə həsr olunmuş Konfrans keçirilib.

        Konfransda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva yeni həyata başlamağa hazırlaşan gənclərə öz tövsiyə və tapşırıqlarını verib. O, universitet illərini artıq geridə qoymaqda olan məzunların yaxın günlərdə fərqli kollektivlərdə çalışacaqlarını, müxtəlif insanlarla ünsiyyətdə olacaqlarını, öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlarını bildirib.

     N.Əliyeva istehsalat və pedaqoji təcrübə müddətində hər bir praktikantın davranışının, işə münasibətinin birbaşa universitetin, onun professor – müəllim heyətinin adına yazılacağını qeyd edib, onları intizamlı, işə münasibətdə məsuliyyətli olmağa çağırıb. Rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işə götürüldüklərini, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. N.Əliyeva gəncləri çalışacaqları qurumlarda milli-mənəvi dəyərləri qorumağa, həmin strukturlara xalqımızın ən yaxşı adət-ənənələrini aparmağa səsləyib. Gənc xanımlara müraciət edən BSU rektoru Azərbaycanın gələcəyinin onlardan asılı olduğunu vurğulayaraq, onları ləyaqətli, dəyanətli olmağa, qeyrətli, hünərvər ana və bacılarımızın yolunu davam etdirməyə çağırıb. N.Əliyeva sonda yaxın günlərdə fəaliyyətə başlayacaq bütün gənclərin xoş sorağını eşitmək arzusunda olduğunu bildirib və onların hər birinə uğurlar diləyib.

            

          Konfransda iştirak edən universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov çıxışına bəzi faktların təhlili ilə başlayıb. O, 2013-2017-ci illər arasında BSU-nu bitirən məzunların bu gün müxtəlif sahələrdə çalışdıqlarını bildirib. O, universitetin gələcək fəaliyyətində müəyyən təhlillərin nəticələrinin nəzərə alınmasının vacibliyini qeyd edib. T.Cəfərov istehsalat və pedaqoji təcrübəyə gedən gənclərə uğurlar arzulayıb.

     Sonra söz fakültə dekanlarına verilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev istehsalat və pedaqoji təcrübəyə yollanan tələbələrin tezliklə müxtəlif idarə və təşkilatlarda BSU-nu təmsil edəcəklərini xatırladaraq, onları çalışacaqları qurumlarda nümunə, örnək olmağa çağırıb. Pedoqoji fakültənin dekanı, professor Flora Naciyeva müəllim adının şərəfli olduğunu, bu adın təkcə auditoriyalarda deyil, hər yerdə qorumağın vacibliyini diqqətə çatdırıb. Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekan müavini Gültəkin Əliyeva çıxış edərək tələbələrə lazımi tövsiyələrini verib, onlara uğurlar diləyiblər.

     Sonda söz alan Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov istehsalat və pedaqoji təcrübənin keçiriləcəyi təşkilat və müəssisələr, təcrübənin gedişi, müddəti və digər məsələlər barədə konkret məlumat verib. O, bu il ilk dəfə olaraq tələbələr üçün yeni formatda olan təcrübə gündəliyi və jurnalı hazırlandığını bildirib.

                                                                                  BSU-nun mətbuat xidməti