BSU-da Gənclər gününə həsr olunmuş tədbir keçirilib

                

     Fevralın 1-də Bakı Slavyan Universitetində 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Gənclər gününün yaranma tarixi barədə qısa məlumat verib və bu günün tarixi bayram kimi qeyd edilməsinin artıq ölkəmizdə ənənəvi hal aldığını bildirib. Rektor söyləyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi prinsiplər onun layiqli davamçısı olan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində reallığa çevrilib. O, bu gün Azərbaycan dövlətinin gənclərə daha böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, Gənclər gününün bayram edilməsini də bu diqqət və qayğının təzahürü kimi dəyərləndirib. N.Əliyeva ölkə gəncliyinin öz fəaliyyəti ilə bu etimadı hər an doğrultduğunu və ölkə Prezidenti İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandığını vurğulayıb. N.Əliyeva son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionun lider dövlətə çevrilməsindən söz açıb. O, hər bir gəncin bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yeirməyə çağırıb.

         

       Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “XXI əsrin çağırışları və Azərbaycan gəncliyi”, II kurs magistrant Natiq Nəsirov “Azərbaycan dövlətinin gənclər siyasəti”, BSU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Emin Şeydayev “Gənclər bizim gələcəyimizdir”, TGT-nin sədr müavini Vaqif Yəhyalı “BSU-nun gənclər siyasətinə verdiyi töhfələr” mövzusunda çıxış ediblər.

      Sonra 23-26 yanvar tarixləri arasında Belarusun Minsk şəhərində yerləşən Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan “Ulduz yürüşü” layihəsinə qatılmış tələbələrin hesabatı dinlənilib.

     Tədbirin sonunda BSU Tələbə Həmkarlar Təşkilatının sədri Könül Abbaszadə Bakı Slavyan Universiteti tələbələrinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətini səsləndirib. Müraciətin sonunda deyilir: “Biz Bakı Slavyan Universitetinin tələbələri adından əminliklə deyirik ki, hər birimiz hər an Vətən yolunda canımızı fəda etməyə hazırıq! Biz bir nəfər kimi Sizin yüksək amal və məqsədlərinizlə apardığınız nadir siyasətə bütün varlığımızla dəstək veririk. Bakı Slavyan Universitetinin tələbələri adından gənclərə göstərdiyiniz böyük diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!

     Sizə Azərbaycan dövlətinin ərazi bütövlüyü və Vətənimizin dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız çətin, şərəfli mübarizədə sonsuz uğurlar diləyirik!”

                                                                            BSU-nun mətbuat xidməti