BSU beynəlxalq elmi konfransa hazırlaşır

                            

      Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi konfransın hazırılığına başlanılıb. Konfransın may ayının 3-4-ü tarixlərində keçirilməsi nəzərdə tutulur.

      Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədov adıçəkilən tədbirin önəmindən danışarkən qeyd edib ki, konfrans Ulu Öndərin irsinin öyrənilməsində, təbliğ olunmasında mühüm rol oynayacaq. Konfrans günlərində dünyanın bir çox ali məktəblərinin, elm ocaqlarının, diplomatik korpuslarının diqqəti respublikamıza yönələcək. Bu ölkələrimiz arasında inteqrasiyanın, elmi-mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayır.

          S.Məmmədov Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin şərəfinə “Cümhuriyyət İli” elan etməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin də konfrans materiallarında öz əksini tapacağını bildirib. O, Ulu Öndərin tariximizə daim xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq həmin ənənənin ölkə Prezidenti tərəfindən ləyaqətlə davam etdirildiyini qeyd edib.

        Onu da vurğulayaq ki, konfransda iştirak edəcək ali təhsil müəssisələrinə, elmi-tədqiqat mərkəzlərinə dəvətnamələr göndərilib. Bu sırada Rusiya Ural Federal Universitetinin Sosial və Siyasi Elmlər İnstitutu, Moskva Dövlət Linqvistik Universiteti, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Kiyev Milli Linqvistik Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti və digər ali təhsil ocaqları vardır.

                                                                              BSU-nun mətbuat xidməti