BSU-da təntənəli bayram tədbiri keçirilib

         

     Dekabrın 27-də Bakı Slavyan Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş məşhur sənət adamları iştirak ediblər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

     Himnin ardından çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən mənəvi ehtiyaca çevrilib. 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır deyən rektor, Ümummilli lider Heydər Əliyevin bu müdrik siyasətinin hər bir azərbaycanlıya başucalığı gətirdiyini diqqətə çatdırıb. N.Əliyeva deyib: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib”. Nurlana Əliyeva bu əlamətdar günün dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.

             

     O qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir.

     N.Əliyeva dünyada yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verdiklərini xüsusi vurğulayaraq bu istiqamətdə görülən işlər sayəsində mühüm nailiyyət və uğurlara sahib olunduğunu söyləyib.

     Çıxışının sonunda N.Əliyeva tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıb.

         

     Bayram tədbiri bədii hissə ilə davam edib. Rəngarəng musiqi çələngi ilə çıxış edən Xalq artisti Natəvan Şeyxova, tanınmış saksafon ifaçısı Rafiq Seyidzadə, Əməkdar artist, cazmen Cavan Zeynallı, Xalq artisti Gülyanaq Məmmədovanın ifaları tədbirə daha da maraq qatıb.

     Tədbir BSU-nun “Arzu” rəqs ansambılı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam edib.

                                                                                        BSU-nun mətbuat xidməti