BSU rektoru dördüncü kurs tələbələri ilə görüş keçirib

    

       Bakı Slavyan Universitetində tələbələrlə rəhbərlik arasında təşkil olunan silsilə görüşlərin davamı olaraq dekabrın 21-də IV kurs tələbələri ilə görüş keçirilib. Görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva bakalavr pilləsinin sonuncu kursunda olan tələbələrə ali təhsillərini bitirdikdən sonra sevdikləri peşəni layiqincə icra etmələrini, təmsil etdikləri universitetin adını daim uca tutmalarını arzu edib.

     Rektor gəncləri bir mütəxəssis kimi formalaşmaları üçün öz perspektivləri uğrunda çalışmağa, vətənin, millətin xeyrinə olacaq addımlar atmağa dəvət edib. O, bir neçə ay sonra müstəqil həyata qədəm qoyacaq tələbələrə hər zaman düzgünlüyün, humanizmin tərəfdarı kimi Azərbaycan mentalitetinin, milli dəyərlərinin qədrini bilməyin, gələcək nəslə örnək olmağın əhəmiyyətini vurğulayıb.
     Nurlana Əliyeva Azərbaycan xalqının mənəvi zənginliklərindən söz açaraq bir çox dünya xalqlarının, xüsusən qərb ölkələrinin mənəvi keyfiyyətlərini, adət-ənənlərini müqayisə edərək, xalqımızın əksər xalqlardan daim üstün mövqedə dayandığını vurğulayıb.

     O, qeyd edib ki, universitet rəhbərliyi ilə gənclər arasında təşkil olunan bu silsilə görüşlərin əsas məğzi hər bir gəncin mövqeyinə, daxili aləminə və dünya görüşünə düzgün yanaşmağı göstərməkdir. Gənclər arasında olan bu fərqlilikləri təcrübəli insanların intizama salmağa borclu olduğunu deyən Nurlana Əliyeva qeyd edib ki, yaşlı nəsil gənclərə doğru istiqamət verərsə, gənclər hər zaman cəmiyyətdəki mövqeyini doğru seçməyi bacarar.

     Dövlətin gənclər siyasətinə dəstək olmaqda gənclərin xüsusi rolunu vurğulayan professor Nurlana Əliyeva bildirib ki, bir çox dövlət tədbirlərində, ölkəmizin rifahı, sabit yaşayışı üçün həyata keçirilən layihələrdə gənclərin iştirakını görmək yaşlı nəslə daim fərəh hissi verir. O qeyd edib ki, bu gün istənilən sahədə gənclərin fəallığı göz qabağındadır. Səhiyyə, təhsil, idman və başqa sahələrdə bacarıqlarını üzə çıxara bilən, Azərbaycanın bayrağını dünya ölkələrinin bayraqları sırasında dalğalandıran gənclərimiz bir daha sübut edirlər ki, Azərbaycanda Ulu Öndərin zamanından bu günə qədər həmişə gənclər üçün şərait yaradılıb.

    Prezident İlham Əliyevin gənclərin inkişafı üçün imzaladığı mühüm sərəncamlardan söz açan Nurlana Əliyeva ölkədə yaradılan imkandan düzgün faydalanmağı tövsiyə edib.

     Rektor çıxışında universitetdə olan nizam-intizam qaydalarına da toxunub, hər bir tələbəni təəssübkeş olmağa, təxəyyülü, məntiqi və biliyi ilə hərəkət etməyə səsləyib, azad Vətəndə gözəl peşə sahibi olmağı Azərbaycan vətəndaşının əsl xoşbəxtliyi kimi dəyərləndirib.

     Sonda tələbələrin bir neçə ay sonra pedaqoji təcrübəyə yollanacağını deyən Nurlana Əliyeva pedaqoji təcrübə zamanı istər orta məktəblərdə, istər digər rəsmi qurumlarda Bakı Slavyan Universitetinin adını ucaltmağı, bu universiteti düzgün təbliğ və təmsil etməyi tövsiyə edib.

BSU-nun mətbuat xidməti