BSU-da Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olunmaqla 50 illik yubileyi də qeyd olunub

       

    Dekabrın 20-də Bakı Slavyan Universitetində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, BSU-nun jurnalistika kafedrasının dosenti  Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" adlı tədbir keçirilib.

    Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik edib. BSU rektoru jurnalistikanın olduqca geniş sahə olduğunu vurğulayaraq, "Mətbuatda çalışan qələm sahibləri bütün cəmiyyətin fikirlərini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edir və ona öz fəaliyyətində uğurlar arzulayırıq!" - deyib.

    N.Əliyevanın təqdimatı ilə tədbirdə iştirak edən müasir Azərbaycan mətbuatının tanınmış nümayəndələri - Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev, BSU jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova və jurnalist Seymur Verdizadə bir-birinin ardınca çıxış edərək Vüqar Rəhimzadəni təqdim olunan monoqrafiya və 50 illik yubileyi münasibətilə təbrik ediblər.

    Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurasının töhfələrindən geniş söz açıb və Vüqar Rəhimzadənin Mətbuat Şurası yaranandan bu qurumun ən fəal üzvlərindən biri olduğunu bildirib. O, Vüqar Rəhimzadənin müasir Azərbaycan mətbuatının inkişafında rolunu qiymətləndirərək onun çox gözəl qələmi olan jurnalist və həm də dəyərli dost olduğunu diqqətə çatdırıb.

   

     Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstəsi təqdim edib. Əflatun Amaşov isə Mətbuat Şurası adından Vüqar Rəhimzadəni "Medianın inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomla təltif edib.

   Sonda tədbirin keçirilməsində təşəbbüskarlığa və təşkilinə görə BSU rektoru N.Əliyevaya öz minnətdarlığını bildirən Vüqar Rəhimzadə monoqrafiyası ilə bağlı çıxış edərək, bu elmi-tədqiqat əsərinin onun bütün yaradıcılığını əhatə etdiyini deyib.

   O, azad söz və mətbuat azadlığından bəhs edən elmi mövzuda hazırladığı monoqrafiyada əsasən dünya mediası ilə müqayisəli məqamları qeyd etdiyini diqqətə çatdırıb.

    BSU-nun jurnalistika kafedrasının dosenti olan Vüqar müəllim, bu kitabın onun çoxillik fəaliyyətinin bəhrəsi olduğunu qeyd edib və monoqrafiyanın sırf elmi kitab olduğundan, onu yaxın gələcəkdə jurnalistikada tədris üçün dərs vəsaiti kimi  hazırlayacağına söz verib.