BSU-da “Şarl Moris de Taleyran-Periqorun diplomatik portreti” adlı elmi seminar keçirilib

      

     Dekabrın 6-da Bakı Slavyan Universitetində Diplomatiya və xarici siyasət kafedrasının təşkilatçılığı ilə “Şarl Moris de Taleyran-Periqorun diplomatik portreti” adlı elmi seminar keçirilib.

     Seminarın əvvəlində söz alan tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova BSU-da ənənəvi olaraq gənclər üçün faydalı olabiləcək mövzularda elmi seminarların keçirildiyini diqqətə çatdırıb. O, hazırki seminarın XVIII əsrin məşhur Fransa dövlət xadimi və diplomatı Şarl Moris de Taleyran-Periqorun dünya diplomatiyası tarixindəki rolundan bəhs etdiyini deyib, seminarın işinə uğurlar arzulayıb.

      Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd çıxışında kafedranın müəllimləri tərəfindən mütəmadi olaraq aktual mövzulara həsr olunmuş dəyirmi masalar, diskussiyalar, elmi seminarlar təşkil olunduğunu qeyd edib. Ə.Əhməd Fransa dövlət siyasətində, habelə Avropanın yeni xəritəsinin hazırlanmasında Taleyran-Periqorun rolundan danışaraq gəncləri mövzu ətrafında müzakirəyə dəvət edib.

     Sonra Diplomatiya və xarici siyasət kafedrasının dosenti Nigar Bayramovanın “Şarl Moris de Taleyran-Periqorun diplomatik portreti” adlı məruzəsi dinlənilib. N.Bayramova məruzəsində Taleyran-Periqorun diplomatik fəaliyyəti, 1789-cu il Fransa inqilabı dövründə siyasətə qoşulması, onun I Napoleonun hakimiyyətə gəlməsinə köməklik göstərməsi barədə iştirakçılara maraqlı məlumatlar verib. N.Bayramova qeyd edib ki, Taleyran-Periqor 1789-cu ildə Baş ştatların və Milli Məclisin deputatı, 1797-ci ildə mühacirətdən qayıtdıqdan sonra Fransa xarici işlər naziri olmuş, bu vəzifədə 1807-ci ilə kimi qalmışdır. Bildirilib ki, məşhur diplomat 1814-cü ildə siyasi kursu dəyişərək, Burbonların hakimiyyətə qayıtmasını dəstəkləmişdi. 

     N.Bayramova qeyd edib ki, Taleyran-Periqor müxtəlif ittihamlarla günahlandırılsa da, daim Fransanın taleyini, onun təhlükəsiz gələcəyini düşünürdü. Taleyran-Periqorun çevik və inamlı siyasətçi olduğunu deyən məruzəçi Taleyran-Periqorun həyatıyla bağlı yazılan xatirələrdən də söz açıb.

      Sonda tələbələrlə mövzu əhatəsində diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

                                                                               

                                                                           BSU-nun mətbuat xidməti