BSU dosentinin əsərlərinin müzakirəsi olub

      

       Dekabrın 4-də Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədovun “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə”, “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi”, “Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri (cinayət- prosessual aspektlər)” əsərlərinin müzakirəsi olub.

      Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov müzakirəyə çıxarılmış kitabların dövrümüzün aktual problemindən bəhs etdiyini deyərək narkomaniyanın cəmiyyətdə törətdiyi ağır fəsadlardan söz açıb. Prorektor əsərlərin müəllifi Sadir Məmmədovun vaxtilə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığını xüsusi vurğulayaraq onun bir tədqiqatçı kimi hər üç əsəri mühüm faktlar əsasında qələmə aldığını bildirib.

      Universitetin Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova müəllifin əsərlərinin gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. BSU-da narkomaniya əleyhinə mütəmadi olaraq maarifəndirmə aksiyalarının keçirilidiyini deyən X.Sultanova QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin narkomaniya ilə birbaşa bağlı olduğunu vurğulayıb. O, Azərbaycanda narkomaniya xəstəliyinə tutulan insan statistikasının digər ölkələrə nisbətdə az olmasını xalqımızın milli xarakteri və mentalitetinin təsiri altında formalaşan ideologiya ilə əlaqələndirib.

      BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd müəllifin “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi” əsəri haqqında geniş məruzə ilə çıxış edib. Ə.Əhməd illərdir beynəlxalq təşkilatlarda narkomaniya əleyhinə geniş miqyasda işlər görüldüyünü qeyd edərək qanunsuz narkotik satışından əldə edilən milyardların, narkomaniya biznesinin insanların əlacsız xəstəliyə düçar olmasına gətirib çıxartdığını deyib. Belə maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyətindən söz açan Əsgər Əhməd gənclərə hər üç kitabı oxumağı məsləhət görüb.

      Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə” kitabı əsasında çıxış edib. Hacı Rauf narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə iştirakçılara məlumat verib. O, XVI əsrdə müharibələr zamanı ağır yaralanan insanların ağrılarını azaltmaq məsqədilə ilk dəfə bu maddədən istifadə olunduğunu, sonradan cəmiyyətdə aludəlik yaratdığını diqqətə çatdırıb. Azərbaycanda narkomaniyaya tutulan insan statistikasının ötən illərə nisbətən daha da artdığını deyən H.Rauf gəncləri narkotik kimi zərərli vərdişlərdən uzaq durmağa səsləyib.

      Sonra tərcümə fakültəsinin II kurs tələbələri Aygün Əlizadə və Ramazan Ramazanov əsərlərlə bağlı öz fikirlərini bölüşüblər.

      Tədbirin sonunda dosent Sadir Məmmədov müəllifi olduğu hər üç əsərlə bağlı söylənilən müsbət fikirlərə görə çıxışçılara təşəkkür edib. O, 1992-ci ildə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini, 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifəsində, 1995-ci ildə Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci ildən isə həmin baş idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığını deyib. Bu kitablarda öz əksini tapan məsələlərin həmin illərdə qazandığı təcrübələrə əsaslandığını söyləyən Sadir Məmmədov qeyd edib: “Əsərlərin yazılmasında əsas məqsəd müzakirəyə qoyulan bu qlobal problemlə bağlı elmi dəyərlərə söykənərək belə səpkili cinayət məsələlərinin, xüsusilə, narkotizmin, narkotik cinayətkarlığın və onun cəmiyyətdəki təzahürlərinin bəzi aspektlərini araşdırmaqdır”.

 

 

BSU-nun mətbuat xidməti