BSU-da “İrsimizə atəş açmayın” adlı sənədli filmin nümayişi olub

 

      Noyabrın 23-də Bakı Slavyan Universitetində Əməkdar jurnalist, Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın” adlı yeni sənədli filminin nümayişi olub. Film əvvəlcə BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsində təqdim olunub.

       Təqdimatdan əvvəl fakültənin dekan müavini Sevinc Musayeva dosent Şəlalə Həsənovanın fəaliyyəti barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, Ş.Həsənova İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri və ölkəmizin vətandaş sektorunun fəal nümayəndəsi kimi Azərbaycanla Ermənistan arasında yaradılmış “Sülh Platforması”nın 3 təsisçisindən biridir. S.Musayeva deyib: “Şəlalə xanım uzun illərdir erməni yalanlarının ifşası istiqamətində informasiya müharibələrinin fəal iştirakçısıdır. Əməkdar jurnalistin bu mövzuda aparıcı saytlarda, bir sıra qəzetlərdə çox saylı məqalələri və müsahibələri dərc olunmuşdur. O, həmçinin yerevanqala500.com və West-land.az saytlarının yaradıcısı və rəhbəridir”. S.Musayeva Şəlalə Həsənovanın 10 bədii filmin müəllifi olduğunu bildirərək qeyd edib ki, onun hazırladığı “Mənim 500 yaşım var”, “İlk xristian dövlətinin izi ilə”, “Yerevanda azərbaycançılığın izi ilə”, “Ararat “yox” deyir”, “Amerika ekspertləri “erməni genosidini” təkzib edir”, “Kesab oyunu”, “Puşkindən sürpriz”, “Ermənilərin Qafqaza köçü xronikası” və başqa filmlər Latviyada, Macarıstanda, Rusiyada, Ukraynada təqdim olunub və sosial şəbəkələrdə qısa zamanda məşhur olub.

      Sonra “İrsimizə atəş açmayın” filmi nümayiş olunub.

     Nümayişin ardından əməkdar jurnalist Şəlalə Həsənova öz təəssüratlarını bölüşüb. O, sənədli filmin bu yaxınlarda Gürcüstanın paytaxtı Tiflisdə təqdimatı olduğunu diqqətə çatdırıb. Ş.Həsənova deyib: “Bu film azərbaycan, rus və alman dillərində sosial şəbəkələrdə yayımlanıb. Filmdə “Sülh Platformasının” prinsipləri əsas götürülüb. Bunlar Azərbaycan və Ermənistan arasında qarşıdurmanın aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh ehtiyatlarının axtarılmasıdır”. Filmin yaxın zamanda ingilis dilinə də tərcümə olanacağını deyən Ş.Həsənova gəncləri ermənilərə qarşı informasiya müharibəsində fəal olmağa səsləyib.

       Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov, Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri Aida Şahbazova "İrsimizə atəş açmayaq" filmi barədə müsbət fikirlər səsləndiriblər. Natiqlər filmi Azərbaycanın tarixi faktlarını silməyə çalışan erməni işğalçılarına qarşı mühüm sübut kimi dəyərləndiriblər.

        "İrsimizə atəş açmayaq" sənədli filmi Azərbaycan filologiyası və jurnalistika fakültəsində də nümayiş olunub.

      Film nümayiş olunduqdan sonra fakültənin dekanı, dosent Nuridə Novruzova və Jurnalistika kafedrasının baş müəllimi Əhməd Əsgər ermənilərin Azərbaycanın tarixi abidələrini, mədəniyyətini, qədim məscidlərini darmadağın edən vandalizm hərəkətlərini pisləyərək bu filmin erməni vandalizmini əks etdirən tarixi sənədlər əsasında ərsəyə gəldiyini bildiriblər.

BSU-nun mətbuat xidməti