BSU rektoru tələbə təşkilatlarının idarə heyəti ilə görüşüb

    

     Noyabrın 23-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə təşkilatlarının idarə heyəti ilə görüşüb.

   Rektor N.Əliyeva BSU-da nəzərdə tutulmuş mühüm işlərdən, gələcək planlardan söz açaraq universitetdə keçirilən tədbirlərdə gənc fəalların rolundan danışıb. N.Əliyeva qeyd edib ki, bu işlərin öhdəsindən gəlmək üçün ilk növbədə məsuliyyət, yüksək səviyyəli təhsil və təcrübənin olması vacib şərtdir. Bakı Slavyan Universitetinin böyük ailə olduğunu deyən rektor bu ailənin rəhbəri olaraq tələbələrin qazandığı uğurlarla fəxr hissi duyduğunu dilə gətirib. Rektor deyib: “60-cı illərdən miras qalan Azərbaycanın müasir vəziyyətinə baxdıqda fəxarət hissi duymamaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması idi”. Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Nurlana Əliyeva mənəvi tərbiyənin gənclərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Rektor milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi yaxşı bilməyən gəncin vətənpərvər ola bilməyəcəyini söyləyib.

      Sonra N.Əliyeva təşkilat sədrlərinin hesabatını dinləyib, gənclərə öz tövsiyələrini verib.

    İclasda aparılan müzakirələr zamanı elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov tələbə təşkilatlarının bir-biri ilə əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb. BSU-nun beynəlxalq əlaqələrindən, o cümlədən bir çox xarici universitetlərdən BSU-ya yay məktəbinə gələn əcnəbi tələblər barədə söz açan professor Rafiq Novruzov tələbə təşkilatlarını fəal olmağa çağırıb.

 

BSU-nun mətbuat xidməti