BSU alimləri Türkiyədə Simpoziumda iştirak ediblər

   

      Noyabrın 2-dən 4-dək Türkiyənin Malatya şəhərində İnönü Universitetinin təşkilatçılığı ilə IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib.

     11 ölkənin 300-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən bu tədbirdə türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

       Bu Simpoziumda Bakı Slavyan Universitetinin nümayəndələri də müxtəlif məruzələrlə çıxış ediblər.

     Türk dünyasının bir araya gəlməsində önəmli rolu olan elmi toplantıda Bakı Slavyan Universitetini Türkologiya kafedrasından dosent Xatirə Abdullayeva “XIV əsr Azərbaycan türkcəsində “Tanrı” sözünün ərəb kökənli paralelləri”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasından f.ü.f.d. Ziyafət Qasımova “Türkiyə universitetlərində müasir türk dillərinin tədrisi (Azərbaycan dili nümunəsi)” adlı məruzələrlə universiteti təmsil edib.

     Simpoziumun gedişatı ərəfəsində İnönü Universitetinin rektoru qonaqlarla ayrıca görüşüb, onlara təmsil etdikləri universitetlərlə mədəni əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

      Simpozium iştirakçıları Malatya şəhərinin tarixi və görməli yerləri ilə tanış olublar.

     Nümayəndələrimiz simpoziumdan ayrılarkən belə bir möhtəşəm tədbirin keçirilməsinə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər.