BSU-da “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı müsabiqə keçirilib

     Noyabrın 8-də Bakı Slavyan Universitetinin II tədris binasının konfrans zalında Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda esse müsabiqəsi keçirilib.

      Tədbirə açılış edən fakültənin təlim-tərbiyə işləri üzrə dekan müavini Quba Məcidova tədbir iştirakçılarını salamlayıb, müsabiqə ilə bağlı şərtləri iştirakçıların diqqətinə bir daha çatdırıb və çıxış üçün sözü BSU-nun jurnalistika kafedrasının dosenti Mübariz Əhmədova verib.

     M.Əhmədov müsabiqə iştirakçılarını, eləcə də tdbirdə iştirak edən müəllim və tələbələri salamlayıb, onları 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, bayrağımızın müqəddəsliyi, onun mahiyyəti və beynəlxalq tədbirlərdə bayraqlar arasında dövlətimizi tərənnüm etməsi barədə iştirakçılara ətraflı məlumat verib. Bayraq dövlətimizin ən parlaq atributu və hər birimizə qürur verən bir müqəddəs varlıqdır deyən M.Əhmədov bayrağımıza, vətənimizə olan sevgini hər şeydən yüksək tutmalıyıq deyib.

     Sonra Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri bir-birinin ardınca öz çıxışlarına başlayıb, hər biri yazılarına uyğun maraqlı slaydlar nümayiş etdirib.

     Tələbələrin çıxışından sonra Quba Məcidova sözü BSU-nun jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovaya verib. Şəlalə Həsənova tədbir iştirakçılarını Bayraq Günü münasibətilə təbrik edib, Azərbaycanın tarixi şəxsiyyətlərindən və dövlətimizin keçdiyi tarixi mərhələlərdən söz açıb.

     Sonra müsiflər müsabiqə iştirakçılarının istedadını, əsasən 6 meyar - məzmun, yazı üslubu, səlis nitq, səs tembri, inandırıcılıq qabiliyyəti və slayd hazırlama bacarığı üzrə qiymətləndiriblər.

     Sonda Mübariz Əhmədov qiymətləndirmənin nəticəsini elan edərək, qaliblər məlum olub. Müsabiqədə  AJ-105-ci qrupun tələbəsi Aidə Məmmədzadə 1-ci yer, AM- 206-cı qrup tələbəsi Laləzar Hüseynova 2-ci yer, AJ-105-ci qrup tələbələri Nuray Rəşidli və Rahim Qaraşov isə 3-cü yeri bölüşüblər.