BSU-da “Dil, media və zaman” mövzusunda konfrans keçirilib

       

     Noyabrın 6-da Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə” tapşırığının icrası ilə əlaqədar olaraq “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.

     Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbirin mahiyyətindən danışaraq bildirib ki, hazırki dövrün aktual problemlərindən birinə həsr olunmuş “Dil, media və zaman” mövzusu peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını maraqlandıran məsələdir. Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı əsas öhdəliyin yerli mətbuatın daha çox üzərinə düşdüyünü vurğulayan Nurlana Əliyeva bununla əlaqədar təbliğat aparan bəzi mətbuat orqanlarının fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, cəmiyyətdə Azərbaycan dili ilə bağlı müsbət fikir yaratmaq, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Nurlana Əliyeva qeyd edib ki, bir sıra mətbuat orqanlarında yol verilən orfoqrafik normanın pozulması halları, bəzi jurnalistlərin qeyri-peşəkar səviyyədə televiziya kanallarında və radio vasitəsilə cəmiyyətə dil qaydalarını düzgün şəkildə çatdırmaması Azərbaycan dilinin əsas lüğət tərkibinə xələl yetirir. Müasir Azərbaycan gəncliyini bu məsələ ilə bağlı fəal olmağa səsləyən rektor çıxışının sonunda tədbirin təşkilatçılarına minnətdarlıq edib.

     Mövzu ilə bağlı çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dilin xalqın inkişafında rol oynayan əsas amil olduğunu diqqətə çatdırıb. Ana dilindən istifadə sahəsində nöqsanların olduğunu dilə gətirən Ə.Amaşov zamanla bu istiqamətdə bir sıra irəliləyişlər əldə olunduğunu deyib. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir deyən Şura sədri qeyd edib ki, Azərbaycan dili rəsmi olaraq ölkəmizin dili və milli həmrəyliyimizin dilidir. Bu dil, eyni zamanda, Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir. “Təqribən dünyada 5 minə yaxın dil mövcuddur. Biz xoşbəxtik ki, bizim öz dilimiz var və Azərbaycan xalqı bu dildə danışır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra işlər görülüb. Dövlət dilimiz, latın qrafikasında Azərbaycan dilinin tətbiqi və s. ilə bağlı sənədlər qəbul olunub”.

     Tədris işləri üzrə prorektor, professor Telman Cəfərovun “Cəmiyyət və təhsilin inkişafında ana dili amili” adlı məruzəsi dinlənilib. Professor təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunaraq bu istiqamətdə Bakı Slavyan Universitetində görülən işləri diqqətə çatdırıb. T.Cəfərov çoxlu sayda dünya ədəbiyyatından kitabların dilimizə tərcümə olunaraq nəşr olunmasında BSU-nun böyük rolu olduğunu deyib.

     Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Rüstəm Kamal “Müasir dil situasiyası və Azərbaycan ədəbi dilinin inkişaf təmayülləri” barədə çıxış edərək ortada ciddi problemlərin olduğunu, bir çox hallarda hətta rəsmi strukturlar tərəfindən dil normalarının kobud şəkildə pozulduğunu bildirib. Məruzəçi ölkə başçısının göstərişlərinin həyata keçirilməsi istiqamətində özünün bir çox təkliflərinin olduğunu bildirib.

     Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov reklamların dilində yol verilmiş dil qüsurları barədə danışıb. O, ümumiyyətlə, özəl şirkət və kompaniyaların özlərinə uğursuz, mənası və mahiyyəti bilinməyən adlar seçdiyini dilə gətirib.

     Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycan dili etnik kimliyimizin atributu kimi” adlı məruzəsində milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdən olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyindən söz açıb.

    Məlum olduğu kimi, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova “Milli televiziya kanallarında ədəbi dil normalarının vəziyyəti” adlı məruzəsində bu məsələnin üzərində geniş dayanıb.

     Sonra AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli çıxışı zamanı Azərbaycan dilinin lüğət tərkibinin düzgün istifadəsi məsələsinə toxunub. Akamedik T.Kərimli bildirib ki, Azərbaycan dili o qədər zəngin dildir ki, bu dildə alınma sözlərə ehtiyac yoxdur. O, dilimizdə bütün alınma sözlərin öz qarşılığının olduğunu nəzərə çatdıraraq dillə bağlı məsələnin AMEA-nın təkcə humanitar institutlarında deyil, texniki institutlarında da müzakirəyə qoyulduğunu deyib.

      AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğət şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən İ.Məmmədli xalq dilinin zənginliyinin, mətbuatın ədəbi dili üstələyərək öz fəaliyyət sahəsini genişləndirdiyini diqqətə çatdırıb. Professor sonda konfransın mövzusu ilə bağlı bir sıra təkliflər irəli sürüb.

     Sonda çıxış edən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri doktoru Həcər Hüseynova Azərbaycan dilinin hətta əruz vəznində belə gözəl poetik nümunələr yaratma imkanlarının olduğunu bildirib.

 

 

                                                                                   BSU-nun mətbuat xidməti