Flora Nacıyeva: "Rus dili və ədəbiyyatı Azərbaycanda olub, var və olacaq"

"Azərbaycanda rus dili və ədəbiyyat" jurnalının baş redaktoru, əməkdar jurnalist, Bakı Slavyan Universiteti Pedaqoji fakültənin dekanı, professor Flora Nacıyevanın "uchitelrusdili.ru" saytına verdiyi müsahibəsi

Flora xanım bu müsahibədə BSU-nun mətbu orqanı olan jurnala 2011-ci ildən baş redaktor təyin olunmasından, jurnalın ağ-qara formatdan rəngli formata keçirilməsindən, məzmunun müəyyən qədər dəyişdirilməsindən, burada aspirantların, eləcə də digər müəlliflərin məqalələrinin dərc olunmasından söz açır.

O, Rusiyanın bir sıra universitetlərinin - MDU-nun və digər ali təhsil ocaqlarında çalışan alimlərin bu jurnalda məqalələrinin dərc olunduğunu qeyd edir.

Flora Nacıyeva jurnalda əməyi keçən məşhur ədəbiyyatşünas, Dostoyevskini  tədqiq edən, professor Məmməd Qocayev və rus dili üzrə mütəxəssis, professor Aslan Məmmədli haqqında xüsusi olaraq böyük ehtiramla danışır.

Baş redaktor jurnalın rus dili kafedraları və şöbələri olan Azərbaycan universitetlərində, o cümlədən Naxçıvan Dövlət Universitetində də yaxşı tanındığını və onlarla yaxından əməkdaşlıq etdiyini vurğulayır. Ölkəmizdə bu jurnaldan daha çox BSU-nu rus dili ixtisası üzrə bitirmiş məzunların istifadə etdiyini qeyd edən Flora xanım, jurnalın pedaqoji sahədə fəaliyyət göstərənlərə bir növ əyani vəsait kimi lazım olduğunu deyir.

O, bu tip jurnalın bütün MDB ölkələrində olmasına baxmayaraq yalnız Azərbaycanda 70 il ərzində heç bir ara verilmədən və maneə olmadan buraxılmasını bizdə rus dilinə olan münasibətdən irəli gəldiyini qeyd edir. Flora xanım Rusiyadan BSU-ya gələn dilçi alimlərin jurnalın bu formatda və bu məzmunda olduğunu görəndə təəccüblərini gizlətmədiklərini, onların heç bir ölkədə bizdəki qədər rus dilinə belə xoş münasibət görmədiklərini deyir.

Sonda Flora xanım, BSU rektoru, professor Nurlana Əliyevanın jurnalın daha da zənginləşməsində ona göstərdiyi dəstəyi xüsusi qeyd edir. Bu ilin dekabrında jurnalın 70 illik jubileyinin keçirilməsindən və kollektivdən məmnunluqla danışır.