Amerikalı jurnalist BSU-da mühazirə oxuyub

   

     Noyabrın 2-də Bakı Slavyan Universiteti Heydər Əliyev adına tədris mərkəzində Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ-ın Market Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, politoloq, beynəlxalq jurnalist Peter Tase BSU tələbələrinə mühazirə oxuyub.

     Mühazirəçi dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhda olması və dövlətə inamı ilə əlaqələndirib. 

     Dağlıq Qarabağ münaqişəsindən söz açan amerikalı jurnalist problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. Ermənistan rəhbərliyinin insanlığa zidd olan hərəkətlərinə toxunan məruzəçi, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanın işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib.

     Peter Tase öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini, indiyədək Dağlıq Qarabağ problemi ilə bağlı 400-dən artıq məqalə yazdığını və bundan sonra da öz mövqeyində qalacağını auditoriyanın diqqətinə çatdırıb.

     Amerikalı jurnalist bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-Prezident Mehriban Əliyeva bu münaqişənin sülh yolu ilə bitməsi üçün əllərindən gələni edirlər. O, Azərbaycanın çoxmillətli ölkə olduğunu və burada yaşayan bütün xalqların sülh şəraitində yaşadığını, heç bir ayrıseçkiliyə məruz qalmadıqlarını xüsusi olaraq qeyd edib.   

     Mühazirəçi Azərbaycan Prezidentinin apardığı siyasət, Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq miqyaslı tədbirlərin - Avroviziya - 2012, Birinci Avropa oyunları - 2015, İslam oyunları - 2017 və Formula - 1 nəticəsində ölkəmizin dünya xalqları tərəfindən daha da geniş şəkildə tanındığını vurğulayıb.

     Tələbələrlə diskussiyada "Bir çox ölkələrinin Dağlıq Qarabağ məsələsində bizim haqlı olduğumuzu bildikləri halda niyə Ermənistan tərəfini dəstəkləyirlər, onlara yardım edirlər?" sualına cavab olaraq Peter Tase: "Onlar bunu pul xətrinə, ermənilərin silah-sursat və hərbi texnika satışından əldə etdikləri vəsaitlərin hesabına edirlər" - deyib.

     Sonda Azərbaycan Respublikasının başında çox ağıllı və geniş dünyagörüşə malik insanın dayandığını deyən Peter Tase Azərbaycan xalqı ilə birlikdə, Dağlıq Qarabağ probleminin tezliklə sülh yolu ilə həllinə inandığını bildirib.

     Qeyd edək ki, Peter Tase öz çıxışını ingilis dilində edib və tələbələr onunla diskussiyanı qonağın öz dilində aparıblar. Bu da Bakı Slavyan Universiteti tələbələrinin öz fikirlərini yalnız ana dilində deyil, həm də digər dillərdə ifadə edə bilmələrinin təsdiqidir.