BSU-da fakültələr arasında intellektual oyun keçirilib

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünə həsr olunmuş intellektual oyun

      

     Oktyabrın 20-də Bakı Slavyan Universitetinin YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib.

     Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş oyunun əvvəlində Dövlət himni səsləndirilib.

     Oyun başlamazdan öncə BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələrə öz dəstəyini bildirmək üçün çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ili ərəfəsində ölkəmizin hər yerində müxtəlif səpgili tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva gənc nəslin elmə, maarifləndirici yarışlara marağının olmasını yüksək qiymətləndirib. O, qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında belə  tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. Universitet rəhbəri olaraq BSU tələbələri ilə fəxr etdiyini deyən Nurlana Əliyeva xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellektə sahib, vətənpərvər gənclərlərin sayəsində əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Rektor çıxışının sonunda tələbələrə yeni-yeni nailiyyət, sağlam mübarizə və uğurlar arzulayıb.

     Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O,  qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun üç tur təşkil etdiyini deyən Ş.Məmmədov qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

     Yarışın sonunda qaliblər müəyyənləşib. “DiFai” komandası birinci, “Coker” komandası ikinci və “Pole Çudes” komandası üçüncü yer qazanaraq oyunun qalibi olublar. Qalib gələn komandalar diplom və medalla mükafatlandırılıblar. Birinci yer tutan “DiFai” komandasına qalibiyyət kuboku verilib. Beləliklə, intellektual oyunun lideri  beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.

BSU-nun mətbuat xidməti