BSU-da Müstəqillik Gününə həsr olunmuş elmi seminar keçirilib

   

     Oktyabrın 18-də Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər kafedrası və beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

     Dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, 18 oktyabr Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir.

     Rektor deyib: “Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçdi. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz və əbədi xarakter alaraq respublikamız sürətli inkişaf yoluna qədəm qoydu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edildi”.

    N.Əliyeva qeyd edib ki, dünya xalqları kimi Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     “Torpaq dirçələndə bərəkət olar, insan dirçələndə hürriyyət olar, Vətən dirçələndə səadət olar!” deyən Nurlana Əliyeva bu gün Azərbaycanda hökm sürən sabit həyat şəraitinə görə xalqımızın əbədiyaşar Ulu öndər Heydər Əliyevin ruhu qarşısında daim borclu olduğunu vurğulayıb. O, sonra qeyd edib: “Dünyada baş verən mənfi hadisələr bizə bildirir ki, biz strateji, siyasi-iqtisadi, həm də mədəni sahələrdə bir olmalıyıq. Müstəqillik üçün milli oyanış, milli dərketmə son dərəcə vacibdir”.

     Bu gün Azərbaycanın mədəni inkişafından, iqtisadi gücündən xəbər tutub ölkəmizə gələn əcnəbi vətəndaşların Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiklərini bildirən N.Əliyeva xalqların birliyi məsələsinə də toxunub.

     Rektor qeyd edib ki, hazırda Bakı Slavyan Universitetinin 6 tələbəsi Soçidə beynəlxalq festivalda iştirak edir. O, bunun dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdıraraq müstəqillik yolunda gəncləri mübariz olmağa çağırıb.

     Müstəqillik bayramı münasibətilə hər kəsi təbrik edən Nurlana Əliyeva ölkəmizin müstəqilliyinin daimi olmasını arzulayıb, xalqımızı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə səsləyib.

     Sonra Dövlət Müstəqilliyi Gününə həsr olunmuş film nümayiş olunub. Nümayişin ardından Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” adlı məruzə ilə çıxış edib. O, məruzəsi zamanı Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş slaydı iştirakçılara təqdim edib.

    Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikova “Müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni” adlı məruzəsində, müstəqilliyin əldə olunması yolunda əvəzsiz xidmətləri olan dahi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydı təqdim edib.

     Sonda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Alina Qulinanın “Müstəqil Azərbaycanın inkişaf dinamikası və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib. O, Azərbycanda gənclərə verilən önəmin, onlara təhsil sahəsində göstərilən diqqətin, perspektivli gənclər üçün yaradılan şəraitin Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsiplərindən olduğunu bildirib.

   BSU-nun mətbuat xidməti