BSU-da yubiley tədbiri keçirilib

    

      Oktyabrın 7-də Bakı Slavyan Universitetində bu il yaşı 70, 75, 80, 85 olan müəllim-professorlara həsr olunmuş yubiley tədbiri keçirilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ömrünün böyük hissəsini Bakı Slavyan Universitetinə həsr etmiş yubilyarları təbrik edərək, onların hər birinə uzun ömür, cansağlığı arzulayıb. O, pedaqoji fəaliyyətləri dövründə universitet kollektivinin hörmətini, sevgisini qazanmış yubilyar müəllimlərin öz nümunəvi həyatları ilə gənclərə bir örnək olduqlarını deyib. Ömrün ən gözəl illərini gənc nəslin təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr edən qocaman müəllimlərin sırasında Əməkdar müəllim adına layiq görülən, “Tərəqqi” medalı ilə təltif edilən insanların olduğunu vurğulayan rektor belə şərəfli peşənin sahiblərinə dövlətin də daim diqqət və qayğı göstərməsindən söz açıb. Professor və müəllimləri universitetin mənəvi sütunları adlandıran N.Əliyeva, onları şamla müqayisə edərək ömürlərini gənc nəslin yolunda gilə-gilə əritdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Tədbirdə prorektor və dekanlar da yubilyarların ünvanlarına təbriklər, eləcə də xoş sözlər deyiblər.

     Tədbirin səbəbkarları onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür ediblər.

     Sonda rektor tərəfindən yubilyarlara hədiyyələr və gül dəstələri təqdim olunub.

     Qeyd edək ki, bu il BSU-nun iyirmi bir nəfər müəllimi - professorlar Çingiz Bədəlov, Kərim Məmmədov, İlyas Həmidov, Tamilla Məmmədova, Rəhilə Quliyeva, Ellada Quliyeva, dosentlər - Vaqif Məmmədov, Aydın Həsənov, Mina Quliyeva, Solmaz Bəşirova, İbrahimpaşa Babayev, Almaz Məmmədova, baş müəllimlər - Gültəkin Qasımova, Səftər Məlikov, Elmira Yüzbaşova, Solmaz Əliyeva, Rəna Abdullayeva, Nabat Məmmədova, Rəhilə Paşayeva, Svetlana Balametova, kitabxanaçı Tamella Əliyeva yubiley yaşlarını qeyd ediblər.

 

Mətbuat xidməti