BSU-da açıq dərs keçirilib

    

     Oktyabrın 6-da, Beynəlxalq Müəllimlər Günü çərçivəsində BSU-nun Heydər Əliyev adına tədris mərkəzində Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibovanın, "Həsən bəy Zərdabinin 180 illik yubileyi" adlı açıq dərsi keçirilib.

     Açıq dərsdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, professor Kərim Məmmədov, universitetin məzun magistrantı Arzu Nəsirli və pedaqoji fakültənin tələbələri iştirak ediblər.

     Açıq dərsin əvvəlində çıxış edən Arzu Nəsirli Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün müəllimlik peşəsi ilə bağlı söylədikləri fikirlərdən nümunələrə əsaslanaraq, Beynəlxalq Müəllimlər Gününün tarixi barədə dinləyicilərə məlumat verib. Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova çıxışı zamanı Azərbaycanda ilk ali təhsilli müəllim Həsən bəy Zərdabinin uşaqlıq illərindən vəfatına qədər həyatı və fəaliyyəti, cəmiyyətdəki rolu və pedaqoqun ailəsi barədə danışıb. O, eyni zamanda ilk xeyriyyə cəmiyyətimizin, Mətbuatımızın, Milli teatrımızın yaradıcısı hesab olunan Həsən bəy Zərdabinin vəfatından sonra, Zərdabda yaradılan ev muzeyi və Bakı Slavyan Universitetindəki Həsən bəy Zərdabi adına auditoriyadan da söz açıb.

     Professor Kərim Məmmədov öz çıxışında Zərdabi ilə yanaşı, digər azərbaycanlı dahilərimizin xalqa, millətə verdiyi töhfələrdən söhbət açıb. "Millətin, xalqın yolunda ömrünü fəda edən şəxs ölmür" - deyən Kərim Məmmədov, tələbələri maarifpərvər olmağa və daim öz xalqına xidmət etməyə çağırıb.

    Pedaqoji fakultənin dekanı, professor Flora Nacıyeva da gələcək müəllimlərin öz peşələrinə daha da həvəslə yanaşmaları yolunda maarifləndirici ifadələr söyləyib. Daha sonra çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Həsən bəy Zərdabinin ideyalarının daim üstün tutulması, pedaqoji sahədə onun maarifləndirici fikirlərinin ön sıralarda olması, Azərbaycan dövlətinin Həsən bəy Zərdabiyə göstərdiyi diqqət və qayğının təcəssümüdür.

    "Ölümü ölümsüzləşdirən insan, gələcəyinə xeyir verən şəxsdir" deyən, prorektor Xanım Sutanova açıq dərsin əvvəlində çıxış edən müəllimlərin fikirlərinə qoşularaq, H. Zərdabinin tarixi fəaliyyətindən danışıb.

      Açıq dərsin sonunda iştirakçılara Həsən bəy Zərdabi haqqında sənədli film nümayiş edilib.