“Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” konqresinin iştirakçıları BSU-da olublar

      

     28 sentyabr, 2017-ci ildə Azərbaycandakı Rus İcması, Moskva Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və AMEA-nın təşkilatçılığı ilə “Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” adlı beynəlxalq konqres Bakıda öz işinə başlayıb.

     Konqres iştirakçıları Moskva Dövlət Pedaqoji Universitetinin xalqlararası və regionlarası siyasət üzrə prorektoru Lyudmila Dudova, Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko, Bolqarıstan Respublikası Təhsil və Elm Nazirliyinin rus dili üzrə baş eksperti Stoyanka Poçekanska, Rusiya-Tacikistan Universitetinin filologiya fakültəsinin dekanı Rüstəm Səlimov, Şimali Asetiya Dövlət Pedaqoji İnstitutunun rektoru Lyudmila Kuçiyeva, Moldova Dövlət Pedaqoji Universitetinin rus dili tədrisi metodikası kafedrasının professoru Vladislav Yançenko, Qırğızıstan Respublikası Slavyan Universitetinin rus dili kafedrasının professoru Mamed Taqayev və digər şəxslər Bakı Slavyan Universitetində də qonaq olublar.

     BSU-nun foyesində milli geyimli tələbələr qonaqları duz-çörək və şərbətlə qarşılayıblar. Qonaqları qəbul edən Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva universitetin tarixi, xarici əlaqələri, buradakı tədris prosesi və digər məsələlər barədə onlara məlumat verib. Qonaqlar unuiversitetin Rusiya tədris-mədəniyyət mərkəzi nəzdində Moska və Sankt-Peterburq auditoriyaları ilə yaxından tanış olublar. Mərkəzin direktoru Gülnarə Novruzova mərkəzin fəaliyyəti və burada yaradılmış kitabxana barədə qonaqları məlumatlandırıb. Sonra qonaqlar BSU-nun akt zalında “Arzu” rəqs ansambılının təqdimatında müxtəlif rəqslərə tamaşa ediblər. Qonaqların marağına səbəb olan qısamüddətli təqdimatda, BSU tələbələrinin ifasında Azərbaycan və rus dillərində şeir və mahnılar səsləndirilib.

     Təqdimatın ardından konqres iştirakçıları auditoriyalarda rus dilinin tədrisi prosesini müşahidə edib, tələbələrə öz tövsiyə və məsləhətlərini veriblər. Görüş çərçivəsində universitetin konfrans zalında Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqavilədə universitetlər arasında tələbə-müəllim mübadiləsi, elmi məcmuələrin birgə nəşri və digər məsələlər öz əksini tapıb. Sonda çıxış edən professor Nurlana Əliyeva Moldova Respublikası Slavyan Universitetinin yeni ərsəyə gəlməsinə baxmayaraq uzunömürlü olacağını əminliklə bilridib və Bakı Slavyan Universiteti kimi bu universitetin də 70 illik yubileyini qeyd etməyi arzulayıb.

 

                                                                                  BSU-nun mətbuat xidməti