BSU eyni vaxtda üç mükafata layiq görülüb

      

     “Əsas məsələ tarixi yaratmaqdır, özü də elə tarix ki, tarixçilər onu yazanda qürur hissi keçirsinlər.” Bu sözlərin müəllifi Ümummilli lider Heydər Əliyev hər bir kəsin çalışdığı sahədə tarix yaratmasını müstəqil dövlət quruculuğunun, onun inkişafının başlıca şərti hesab edirdi. Təbii ki, bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında addımlaması, məhz Ulu öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin həyatda, gerçəklikdə özünün tam  təsdiqini tapması ilə bağlıdır. Azərbaycanın bütün parametrlər üzrə inkişaf etmiş dövlətlərlə bir cərgədə olması bu gün ən yüksək tribunalardan etiraf edilməkdədir. Respublikamız siyasi, iqtisadi, mədəni, elmi-texnoloji və digər sahələrdə bəşəriyyətə öz töhfələrini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı ilə respublikamızda gedən abadlıq və quruculuq işləri ölkəmizə gələn hər kəsi heyrətləndirir və onlar bu işləri dünyanın yeni möcüzəsi kimi dəyərləndirirlər.

     Son illərdə uğurları ilə öyünə bildiyimiz sahələrdən biri də təhsildir. Belə ki, əksər orta və ali təhsil müəssisələrimiz dünyanın aparıcı təhsil şəbəkələri sırasına daxil olmaqdadır; həmin məktəblərlə tələbə-müəllim mübadilələri aparılır, birgə elmi simpoziumlar, konfranslar təşkil olunur, məcmuələr nəşr edilir. Təbii ki, bu nailiyyətlər ulu öndərin irəli sürdüyü dövlətçilik prinsiplərini inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və himayəsi ilə mümkün olmuşdur. İndi Azərbaycanın ali məktəbləri beynəlxalq səviyyəyə, nüfuzlu ali məktəblər cərgəsinə qoşulmağa doğru inamlı addımlar atmaqdadırlar və bir çox ali məktəblərimiz buna nail  olurlar da!

     Bu sırada 2000-ci ildə Ulu öndərin xeyir-duası ilə M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılmış Bakı Slavyan Universitetini xüsusi qeyd etməliyik. Əllidən çox elmlər doktoru-professorun, 200-dən çox fəlsəfə doktorunun, 200-dən yuxarı baş müəllim və müəllimin çalışdığı universitet, əslində slavyan ölkələri, Şərqi Avropa və Balkan yarımadası ilə Azərbaycan arasında bir dostluq və qardaşlıq körpüsü rolunu oynayır. Burada bütövlükdə region üçün unikal sayıla biləcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Bundan əlavə, BSU-nun xarici ölkə universitetlərindəki mərkəzlərində əcnəbi tələbələrə dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz və s. öyrədilir. Necə deyərlər, universitet respublikamızın xaricdə tanıdılmasında, dostluq və qardaşlıq münasibətlərinin bərqərar olunmasında son dərəcə önəmli mədəni-diplomatik missiya yerinə yetirir.

      BSU həm də xarici dövlətlərin Azərbaycanda mədəni mərkəzləri rolunu oynayır. Universitetdə 11 mədəni-tədris mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzlərdə dünyanın bir çox dövlət başçıları, məşhur siyasətçiləri, ictimai xadimləri, səfirlər və digər məsul şəxslər olmuş,  öz təəssüratlarını tələbələrlə bölüşmüşlər.

     Bütün bu nailiyyətlər dünyanın, beynəlxalq təşkilatların  BSU-ya artan diqqətində özünü son dərəcə aydın göstərir. Bu günlərdə universitetin rəhbərliyinin və bütövlükdə universitetin eyni vaxtda üç nüfuzlu mükafata layiq görülməsini, məhz bu uğurların nəticəsi hesab edə bilərik.

      Bu mükafatlar arasında Oksford Akademik İttifaqının Beynəlxalq Sokrat Kommitəsi tərəfindən müəyyən edilmiş “Elm naminə” (“The Name in Science”) mükafatını xüsusi qeyd etməliyik. Beynəlxalq Sokrat Komitəsinin regional koordinatoru Mila Milton tərəfindən BSU-nun rektoru, professor N.Əliyevaya ünvanlanmış məktubda deyilir: “Oksford şəhəri Akademik İttifaqı Sizə müasir cəmiyyətdə elmi tədqiqatların nüfuzunun yüksəlməsində, elm və praktikanın yüksək inteqrasiyasının inkişafında şəxsi xidmətlərinizə və ümumiyyətlə, elmə verdiyiniz töhfələrə görə ehtiram və minnətdarlığını bildirir. Sizin uzun illər ərzində yüksək peşəkarlıq nümunəsi olan rəhbərliyiniz altında müəssisənin uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyası (Europe Business Assembly, E.B.A., Oxford, UK) Beynəlxalq Sokrat Komitəsinə imkan vermişdir ki, Bakı Slavyan Universitetini “Ən yaxşı təhsil müəssisəsi” Beynəlxalq mükafatını təqdim etsin.”

     Məktubda daha sonra BSU-nun rektoru, professor Nurlana Əliyevanın fəaliyyətinə ayrıca diqqət yetirilir, onun çoxillik vicdanlı və qüsursuz əməyinin dünyanın intellekt elitası tərəfindən yüksək qiymətləndirildiyi bildirilir. Məktubda deyilir: “Sokrat adına Təqdimat Komitəsi Sizi bütün bu xidmətlərinizə görə “Elm adına” (“The Name in Science”) fəxri mükafata təqdim etməyi zəruri hesab edir. “Elm adına”  (“The Name in Science”) tituluna layiq görülmüş şəxs mavi lentdə üzərində “Dünya elmini zənginləşdirməyə görə” yazılmış orden, Sokratın barelyefini, “Alimə eşq olsun”  yazılı xatirə lövhəsini, “The Name in Science”  diplomunu alır və  adı dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edilir. Bizim məqsədimiz Sizin fəaliyyətinizi Avropada və dünyada yaymaq, beynəlxalq bazarda müəssisənizi hərəkətə gətirmək, həmçinin elmi tədqiqatların, yeni kəşf və nailiyyətlərinin nəticələri barədə ictimaiyyətə məlumat verməkdir.” 

      BSU-nun rektoru, professor N.Əliyeva 6 və 7 oktyabr tarixlərində  Fransanın Kann şəhərində keçirələcək İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq Festivalında iştiraka və mükafatı qəbul etməyə dəvət edilib.

     BSU-ya ikinci sevindirici xəbər Çerniqov şəhərindən gəlib. Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor  N.Əliyevaya elmi və ictimai fəaliyyətinə, ölkələrarası mədəni münasibətlərin inkişafına görə Fəxri professor adı verilib. Qeyd edək ki, bu ada universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov da layiq görülüb. Onu da qeyd edək ki, BSU-nun təşkilatçılığı ilə Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan tədris-mədəniyyət mərkəzi və universitetin nəzdində Azərbaycan dili Bazar Günü Məktəbi yaradılıb. Ümumiyyətlə, universitet Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsində bu gün bir diplomatik korpus rolunu oynayır desək səhv etmərik.

       BSU öz xarici əlaqələr dairəsini ildən-ilə deyil, aydan-aya, gündən-günə genişləndirir. Universitetin bu günlərdə YUNESCO-nun diplomu ilə təltif edilməsi də bu uğurlu addımlar  silsiləsindəndir. Bu münasibətlə  UNESCO və National Comission of the Republic of Moldova for UNESCO-nun BSU-nun rektoru, professor. Əliyevanın adına yazılmış  məktubunda deyilir: “BSU mədəniyyətlərarası dialoqun inkişafı, yeni nəslin milli dəyərlər və dünya mədəni irsi ilə ünsiyyətinin yaradılması sahəsində  aparıcı ali məktəblərdəndir. İnanırıq ki, BSU bu missiyasını bundan sonra daha böyük həvəs və təşəbbüskarlıqla davam etdirəcək”.

     Professor Nurlana Əliyeva bu uğurları təkcə BSU-nun deyil, Azərbaycan xalqının, Azərbycan təhsilinin və bütünlüklə xalqımızın uğuru hesab edir. 

                                                      BSU-nun Mətbuat xidməti