Bakı Slavyan Universitetində məzun günü təntənə ilə qeyd olunub

      

     Bakı Slavyan Universitetində məzun günü təntənə ilə qeyd olunub. İyunun 16-da Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Əvvəlcə BSU-nun foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasim Dövlət himni və Bakı Slavyan Universitetinin himninin səsləndirilməsi ilə başlanıb. Himnin ardından “Yallı” rəqsi nümayiş olunub.

     Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva magistrant və tələbələri məzun adı qazanmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını daim uca tutmalarını və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyi arzulayıb. Gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edən Nurlana Əliyeva dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzuna “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.

     Tədbir geniş konsert proqramı ilə davam edib. Konsertdə universitetin “Arzu” rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub, tələbələrin ifasında mahnılar ifa edilib.

     Tədbir çərçivəsində BSU-nun dekanlarına məzunlar tərəfindən müxtəlif nominasiyalar təqdim olunub. Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər. Sonda məzunların ifasında “Əlvida BSU” mahnısı ilə konsert proqramı başa çatıb. Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 729, qiyabi təhsil alan 48 tələbə və magistratura səviyyəsi üzrə 79 magistrant məzun olub.

BSU-nun Mətbuat xidməti