“Azərbaycan Universitetləri tanıtımı” adlı layihə həyata keçirilib

 

     İyunun 3-də Hədəf Kursları Azadlıq filialının sərgi zalında Azərbaycan Respublikası “Hədəf Kursları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin tanıtımı” adlı sərgi təşkil olunub. Layihənin keçirilməsindən məqsəd respublikamızda fəaliyyət göstərən dövlət və özəl universitetləri və orta ixtisas məktəblərini abituriyentlərə tanıtmaq olub.

     Tədbiri layihənin təşkilatçısı olan Hədəf Qlobalın rəhbəri t.ü.f.d. Elvin Əliyev açıb. O, çıxışında qeyd edib ki, “hər tədris ilinin sonunda abituriyentlər ali məktəb və ixtisas seçimində müəyyən çətinliklərlə üzləşirlər. Buna səbəb abituriyentlərin ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata malik olmamalarıdır. Biz Hədəf Qlobal olaraq abituriyentlərlə ali təhsil ocağı və Orta ixtisas məktəbləri nümayəndələrinin görüşünü təşkil etməyi qərara aldıq. Respublikamızda fəaliyyət göstərən bütün ali məktəblərə layihə ilə bağlı Təşkilat Komitəsi tərəfindən dəvət məktubu göndərilib. Birinci “Azərbaycan Universitetləri tanıtımı”  layihəsində 20–yə yaxın ali təhsil müəssisəsi iştirak edir”.

     Layihə Hədəf Qlobalın maliyyə imkanları hesabına həyata keçirilib. İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlanmışlar. Xatırladaq ki, Hədəf Qlobal 2016-cı ildə “Hədəf Şirkətlər Qrupu” tərkibində yaradılıb. Qurumun layihələr və xarici əlaqələr fəaliyyətini həyata keçirir.

     “Hədəf Şirkətlər Qrupu”nun baş direktoru f.ü.f.d, dosent Şəmil Sadiqov öz çıxışında sərginin önəmini qeyd edib. Onun fikrincə, bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan universitetlərinin iştirakı ilə təşkil olunan tanıtım sərgisi hələki ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab edə bilərik. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsinin  xarici ölkələrdə  də təşkil edilməsi planlaşdırılır.

     Sonra “Hədəf Bilik Yarışması -2017” qaliblərinin mükafatlandırılması keçirilib. Qaliblərə sertifikat, diplom və pul mükafatları verilib. Sərgidə iştirak edən Universitet nümayəndələri də mükafatlandırma mərasimində iştirak ediblər.

     Sərgidə Bakı Slavyan Universitetinin təmsil olunub. Universitetin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri dosent Yaşar Alxasov tərcümə fakültəsinin tələbələri Fatima Şirinova və Nəzrin Mərdanova ilə BSU-nun sərgidəki pavilyonu qarşısında universitetdəki ixtisaslar haqqında abituriyentlərə və magistraturaya daxil olmaq, ikinci ali təhsil almaq istəyən məzunlara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.

     Layihənin tərəfdaş qurumları - edumap. az, Hədəf Kursları MMC, senet.az, Azərbaycan Elm Assosiasiyası, kitabevim.az mağazalar şəbəkəsi olub.

Təşkilat Komitəsi