BSU-da “Sonsuz dəhliz” adlı sənədli filmin nümayişi keçirilib

      

     Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” adlı sənədli filmin nümayişi keçirilib.

     Nümayişdən əvvəl Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə film barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan “Sonsuz dəhliz” filmi müxtəlif dillərə tərcümə olunaraq ictimaiyyətə təqdim edilib. C.Məmmədzadə litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi filmin Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulduğunu deyib. 

     Sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

   Təqdimatın sonunda BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova film barədə təəssüratlarını bölüşüb. Universitetdə Xocalı soyqırımı ilə bağlı tez-tez silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıran X.Sultanova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən sənədli filmi dünya ictimaiyyətinin Xocalı soyqırımı barədə düzgün maarifləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.

BSU-nun Mətbuat xidməti