BSU-nun professor-müəllim heyəti DTX-nin Heydər Əliyev adına akademiyasında olub   

      

     26 aprel 2017-ci il tarixdə BSU-nun rektoru, professor  Nurlana Əliyevanın rəhbərliyi altında universitetin professor-müəllim heyəti  Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Şöhrət” muzeyində olmuşlar. Qonaqlar eksponatlarla tanış olmazdan öncə muzeyin önündə dahi şəxsiyyətin büstü önünə əklil qoymuş və xatirə şəkilləri çəkdirmişlər. 

     Qeyd edək ki, müasir memarlıq üslubunun mütərəqqi cəhətlərini özündə əks etdirən “Şöhrət” muzeyində Heydər Əliyevin nəsillərə nümunə olan, onun bütün yaş dövrünə aid, zəngin informasiya məzmununa malik qiymətli fotoşəkillər  və eksponatlar mühafizə olunur.

     Muzeyin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Liderin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir. Muzeydə dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.

     Dahi şəxsiyyətin valideynlərinin və uşaqlıq şəkillərinin mühafizə olunduğu bölmə böyük yolun başlanğıcı da hesab oluna bilər. Orada nümayiş olunan eksponatlar Ümmummilli liderin böyük yüksəlişə son dərəcə  ağır zəhmət və məşəqqətlər hesabına yiyələndiyini bir daha təsdiq edir. İkinci bölmədə dahi şəxsiyyətin oxuduğu ibtidai məktəb, texnikum, ali təhsil ocağı haqqında qiymətli sənədləri- müxtəlif arayış, atestat diplom və s. əhatə edir.  Burada böyük şəxsiyyətin yalnız əla qiymətlərdən ibarət olan qiymət cədvəlləri də var ki, onlar indiki nəslə əsl nümunə ola bilər.

     Muzeyin sonrakı bölmələrində Heydər Əliyevi bacarıqlı bir çekist, təhlükəsizlik xidmətinin rəhbəri, dövlət xadimi, siyasətçi, SSRİ dövlətinin rəhbərliyində təmsil olunan şəxs, müstəqil Azərbaycanın qurucusu və memarı kimi xarakterizə edən sənədlər, fotolar, tarixi əşyalar  və s. nümayiş olunur. Muzeyin maraqlı guşələrindən biri də Ümummilli liderin iş otağının təsvirini verən bölmədir. Burada hətta telefonlar dahi şəxsiyyətin iş otağında olduğu kimi düzülmüşdür. Muzeyin bölmələrində müstəqil Azərbaycan Respublikasının qurucusunun müxtəlif illərdə aldığı orden və medalların, fəxri fərmanların, dövlət mükafatlarının  və s. orijinal və ya surətləri də nümayiş olunur.

     Bir sözlə, muzeyə gələnlər burada dahi rəhbərin həyat və fəaliyyəti barədə bütöv, canlı təəssürat ala bilirlər. 

   BSU-dan gələn nümayəndələr muzeylə tanışlıqdan sonra zalda muzey haqqında qısa filmə baxmışlar.  Qonaqları muzey əməkdaşları ilə bərabər, akademiyanın rəisi Əli Şəfiyev müşaiyət etmişdir. Görüşün sonunda BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazmışdır.   Orada deyilir: “Biz BSU-nun professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevə həsr olunmuş unikal bir muzeyi ziyarət etməklə böyük bir fəxarət duyğuları yaşadıq. Bir neçə gündən sonra Ulu öndərin anadan olmasının 94-cü ildönümü qeyd olunacaq. Bu böyük tarix ərəfəsində möhtərəm prezidentimizin ətrafında daha möhkəm birləşməyi müqəddəs bir vəzifə bilirik”.

                                                                 BSU-nun Mətbuat Xidməti