Yunanıstanın təhsil və iş adamları BSU-da olublar

     

    7 aprel 2017-ci il tarixində Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsonqasın rəhbərliyi ilə bir qrup təhsil və iş adamı Bakı Slavyan Universitetində (BSU) olub. Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qarşılayaraq Yunanıstanın ali məktəbləri ilə BSU arasındakı sıx əlaqələrdən danışıb: “1999-cu ildən Yunanıstanın Afina və Milli universitetləri ilə əməkdaşlıq edirik. BSU-da  11 Avropa dövlətinin Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, onlardan biri də Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzidir. Burada 44 tələbə təhsil alır və onlara 8 müəllim yunan  dilini və mədəniyyətini öyrədir. Müxtəlif illərdə bu mərkəzin 24 tələbəsi təcrübə keçmək məqsədi ilə Yunanıstanda olub. 2001-ci ildən bəri Yunanıstanın bir çox tanınmış alimləri, professorları, ictimayi-siyasi xadimləri BSU-nun fəxri doktoru adına layiq görülüb”.

    Yunanıstan xarici işlər nazirliyinin keçmiş müavini, hazırda Truenique LTD şirkətinin baş məsləhətçisi Spiros Kuvelis görüşdən məmnun olduğunu bildirərək, qeyd edib ki, onların məqsədi həm BSU ilə, həm də burada fəaliyyət göstərən Yunan Tədris Mərkəzi ilə əməkdaşlığı genişləndirməkdir. Yunanıstanın “AKMİ” Təhsil Təşkilatı və onun təsisçi üzvü, Afina Paytaxt Kollecinin rəsmi nümayəndəsi Teodoros Qrassos Afinada yerləşən AKMİ-nin  7500-dən çox tələbəni özündə birləşdirdiyini bildirib və BSU ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

    BSU-nun rektoru professor N.Əliyeva təklif olunan əməkdaşlığa görə təşəkkürünü bildirərək deyib: “Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzinin məzunlarının təcrübə keçməsində, işlə təmin olunmasında müəyyən problemlər var. Biz istərdik ki, həmin tələbələr oxuduqları dövrdə, yay tətilləri zamanı, Yunanıstanın Turizm Şirkətlərində, otellərində, universitetlərində və digər müəssisələrdə təcrübə keçsinlər”.

    Görüş zamanı razılığa gəlinib ki, verilən təkliflər xırda detallara qədər işlənsin və növbəti görüşdə hər iki tərəfi qane edən müqavilə imzalanması üçün hazırlıq görülsün.

    Sonda qonaqlar BSU-da fəaliyyət göstərən Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olub və tələbələrin çoxsaylı suallarına cavab veriblər.

                                                                                                                                                   BSU-nun Mətbuat Xidməti