BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

    

    Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qan yaddaşımız” adlı anım mərasimi keçirilib. Əvvəlcə qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva 31 mart 1918-ci il tarixində baş vermiş qanlı hadisənin ermənilərin azərbaycanlıların əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin bizim yaddaşımızdan heç vaxt silinməyəcəyini nəzərə çatdırıb. Tarix boyu Azərbaycana qarşı yönələn erməni vəhşiliklərindən, azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından sürgün edilməsindən danışan  rektor 1998-ci il soyqırımına Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi siyasi rəng verildiyini bildirib. Bakı Slavyan Universitetində Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gənclərin rolunu xüsusi vurğulayan Nurlana Əliyeva aprelin 5-də  şəhidlərin xatirəsinə həsr olunacaq yürüşdə BSU-nun 300-dən çox tələbəsinin iştirak edəcəyini deyib.

     Tədbir çərçivəsində mərhum kinorejissor, BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filminin nümayişi olub.

     Sonra Diplomatiya və xarici siyasət kafedrasının dosenti Sadir Məmmədovun “31 mart soyqırımı”, Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının dosenti Şəhla Nurizadənin “Quba soyqırımı memorialı kompleksinin tarixi araşdırmaları”, III kurs tələbəsi Sahib Gülməmmədovun “31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” adlı məruzəsi dinlənilib. Çıxışçılar soyqırımla bağlı vacib faktları açıqlayaraq gənc nəsli öz tarixi keçmişini unutmamağa səsləyiblər.

                                                                                                              BSU-nun Mətbuat xidməti