BSU rəhbərliyi Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxanada

     

      

     Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə Bolqarıstanda səfərdə olan nümayəndə heyəti martın 21-də "Müqəddəs Kiril və Mefodiy" adına Milli Kitabxananın direktoru, dosent Krasimira Aleksandrova ilə görüşüb, kitabxana ilə yaxından tanış olub.

     Azərbaycanlı qonaqları kitabxananın yaranma tarixi, bolqar dilində çoxsaylı qədim kitablar və yeni nəşr olunmuş çağdaş ədəbiyyatla tanış edən K.Aleksandrova mütaliə etməyin faydalarından danışıb. BSU nümayəndələrinə qədim kitabların oxunmağa yararlı vəziyyətdə saxlanılması üçün kitabxanada istifadə olunan xüsusi dezinfeksiya qurğusu barədə ətraflı məlumat verib.

     Professor Nurlana Əliyeva BSU-da fəaliyyət göstərən əsas kitabxana, o cümlədən Bolqar dili mədəniyyəti və mədəniyyəti mərkəzinin kitabxanası barədə söz açıb. Rektor bildirib ki, BSU-da bolqar dilini öyrənən gənclərin bu dildə olan kitablara, bədii və elmi ədəbiyyata təlabatı yüksəkdir. Kitabların BSU-da saxlanılma qaydası, burada olan müxtəlif tipli kitablar barədə danışan Nurlana Əliyeva gənclərin mütaliə probleminin olması mövzusuna da toxunub.

     Qarşılıqlı maraq doğuran görüşün sonunda kitabxananın direktoru Bakı Slavyan Universitetinə "Müqəddəs Kiril və Mefodiy" adına Milli Kitabxana adından bolqar dilində müxtəlif kitablar hədiyyə edib.

      

                                                                                                                                      BSU-nun Mətbuat xidməti