BSU-nun nümayəndə heyəti Sofiya Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində

     Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın  Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində qonaq olub. Nümayəndə heyəti universitetin Şərq dilləri və mədəniyyəti mərkəzinin müdiri, professor Aleksandr Fedatovla görüşüb. Şərq dillərini mükəmməl bilən A.Fedatov Şərq ölkələrinə, o cümlədən Azərbaycana olan sevgisindən danışıb. Naxçıvanı görmək arzusunda olduğunu deyən mərkəz müdiri multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkəyə yaxın zamanda səfər etməyi planlaşdırdığını vurğulayıb. O qeyd edib ki, Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzi bolqar tələbələrin  Azərbaycan dili, mədəniyyəti və tarixinin öyrənməsinə geniş imkanlar verir. 

     Sofiya Dövlət Universitetinin nəzdindəki Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Sofiya Şıqayeva rəhbərlik etdiyi mərkəzdə Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin, tarixi həqitələrinin bolqar müəllim və tələbələrə təbliği istiqamətində görülən işlərdən söz açıb. S.Şıqayeva bildirib ki, Sofiya Universitetində Azərbaycan multikulturalizmi fənni tədris edilir. O, bolqar tələbələrin Azərbaycan dilini öyrənməyə maraqlı olduqlarını xüsusən qeyd edib.

    Rektor, professor Nurlana Əliyeva Novruz bayramı ərəfəsində BSU-nu təmsil edən nümayəndə heyətinin Bolqarıstana gəliş səbəbini açıqlayıb, Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Bolqarıstanda baş tutan tədbirlər barədə məlumat verib. BSU-nun Sofiya Dövlət Universiteti ilə sıx əməkdaşlığından danışan rektor  bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi istiqamətində nəzərdə tutulan işlərdən söz açıb, Novruz bayramı münasibətilə görüş iştirakçılarını təbrik edib.

                                                                                                                                                      BSU-nun Mətbuat xidməti