“Novruz - Vətənimin adət-ənənələri fonunda”

                                      

     Bakı Slavyan Universitetinin (BSU) İbtidai təhsil kafedrasında “Novruz - Vətənimin adət-ənənələri fonunda” adlı tədbir keçirilib.

     Novruz bayramı haqqında məlumat verən Şükufə Atakişiyeva tədbirin mədəniyyətimizi, folklorumuzu, milli-mənəvi dəyərlərimizi və Novruzu təbliğ etmək məqsədilə təşkil edildiyini bildirib.

     Tədbirdə AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, BSU-nun pedaqoji fakültəsinin dekanı, professor Flora Naciyeva, ibtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, şairə-publisist Zərəngiz Dəmirçi Qayalı, universitetin dosenti Çimnaz Məmmədova, kafedranın folklor qrupunun rəhbəri Zərifə Məmmədova və başqaları Novruz adət-ənənələrindən söz açıblar. Bildirilib ki, Novruz ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət bayramı kimi təsdiq olunub və hər il böyük coşqu ilə qeyd edilir.

     Çıxış edənlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyi ilə xalqımızın qədim bayramı olan Novruzun UNESCO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edildiyini vurğulayıblar. Novruzun indi bütün dünya tərəfindən keçirildiyi və bəşəri əhəmiyyət daşıdığı bildirilib.

     Tədbirin sonunda kafedranın folklor qrupunun ifasında Novruz ayini keçirilib, nəğmələr səsləndirilib.

                  

                                                                                                             BSU-nun Mətbuat xidməti