Rusiyanın ilk və yeganə dövlət katibi BSU-da olub

                                                     

     Görkəmli dövlət xadimi, Rusiya Federasiyasının birinci və yeganə dövlət katibi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub.  Qonağı universitetin rektoru, professor Nurlana Əliyeva qarşılamış və universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb. O, hazırda BSU-nun Rusiyan Federasiyasının 27 ali məktəbi ilə çox sıx əlaqələrə malik olduğunu, həmin ali məktəblərin bir çoxunda Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. N.Əliyeva Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik  ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb.

     Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq  bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu söyləyib: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir.  Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.

     Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirib.

     Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.

                            

                                                                                                                                                                      BSU-nun Mətbuat Xidməti