Əcnəbi tələbələrə Xocalı həqiqətləri çatdırılıb

                                                     

     Fevralın 27-də Bakı Slavyan Universitetinin (BSU) Əcnəbi Tələbələrlə Dostluq Klubunun (ƏTDK) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Dəyirmi masada çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini Lalə Mikayılzadə bildirdi ki, tədbirin əsas məqsədi  Xocalı faciəsi zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə əcnəbi tələbələri maarifləndirməkdir.

     Tədbirin təşkilatçıları ƏTDK-nin sədri, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Şirin Hüseynzadə və Tərcümə fakültəsinin tələbəsi Günay Kazımova Azərbaycan və rus dillərində  Qarabağ müharibəsi və erməni separatçılığı barədə əcnəbiləri məlumatlandıraraq ermənilər tərəfindən  faciəvi şəkildə qətlə yetirilmiş Xocalı qurbanlarının görüntülərini əks etdirən slaydı təqdim ediblər.

     Dəyirmi masada iştirak edən Xocalı faciəsinin canlı şahidi, Qarabağ müharibəsi veteranı, polis polkovniki, BSU-nun dosenti Sadir Məmmədov təəssüflə qeyd edib ki, Xocalı hadisələrinə faciə sözü ilə ifadə etmək ermənilər tərəfindən törədilən bu qətliamı cılızlaşdırır. Xocalıda törədilən terror aktı xalqımızın kütləvi şəkildə soyqırımı deməkdir. Dünya ictimaiyyəti Xocalı soyqırımına bu günə kimi yetərli  qiymət verməyib deyən S.Məmmədov ölkə başçısı cənab İlham Əliyevin  uzaqgörən siyasəti və azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyəti tərfindən  tanınacağını vurğulayıb.

     Sonra Sumqayıt "Asan xidmət" mərkəzi könüllülərinin təşəbbüsü ilə çəkilmiş "Xocalıyıq" sənədli-bədii filmi nümayiş olunub. Filmdə Xocalı soyqırımı ilə bağlı həqiqətlər öz əksini tapıb.

     Tədbirin sonunda BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova Xocalı  faciəsinin  düşünülərək, planlı şəkildə həyata keçirilmiş, XX əsrdə  insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu bildirib. BSU-da Azərbaycan həqiqətlərinin əcnəbi tələbələrə çatdırılıması istiqamətində görülən işləri yüksək qiymətləndirən Xanım Sultanova tədbiri təşkil edən gənclərə uğurlar arzulayıb.

                                                                                                                                                                              BSU-nun Mətbuat xidməti