BSU-da Xocalı faciəsi yad edilib

                                                 

    Fevralın 23-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir başlamazdan öncə universitetin Rəssamlar Klubunun üzvlərinin Xocalıya həsr etdiyi əl işlərinə baxış keçirilib. Mərasimin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. 25 il əvvəl Xocalıda neçə-neçə əliyalın azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini deyən  N.Əliyeva Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

     Sonra əməkdar jurnalist, BSU-nun jurnalistika kafedrasının müəlimi, dosent Etibar Babayevin hazırladığı Xocalı şəhidlərinə həsr olunmuş filmin nümayişi olub.

     Tədbirdə Xocalı faciəsinin canlı şahidlərindən BSU-nun diplomatiya və xarici siyasət kafedrasının dosenti, Qarabağ müharibəsi veteranı, polis polkovniki Sadir Məmmədov, Xocalı Polis bölməsinin sabiq rəis müavini, polis mayoru Hafiz Ədilov, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov, “Qarabağ” qəzetinin redaktor müavini, Yazıçılar Birliyinin üzvü Salman Alıoğlu, Qarabağ müharibəsi iştirakçısı Elçin Məmmədli Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıblar. Çıxışçılar soyıqırımı zamanı dinc əhalinin qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.

     BSU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Vaqif Yəhyalı Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbində hazırladığı video-çarxı tədbir iştirakçılarına təqdim edib. Vaqif Yəhyalı Xocalı soyqırımında şəhid olan BSU-nun məzunu Ülfət Əliyevin xatirəsini yad edərək gəncləri vətənpərvər olmağa səsləyib.

     Sonra BSU tələbələri Xocalıya həsr olunmuş şeirlər ifa ediblər. Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun müəllifi olduğu 12 dilidə  dərc edilən “Xocalı soyqırımı” kitabından ekspert rəyini tələbələr Azərbaycan, rus, polyak, bolqar, Ukrayna, belarus və  türk dillərində səsləndiriblər.

     Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq BSU-nun magistratura şöbəsinin tərəfindən dəyirmi masa keçirilib. Dəyirmi masada tərbiyə işləri üzrə prorektor Xanım Sultanova bu soyqırımın yaddaşlardan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb. Sonda Xocalıya həsr edilmiş videoçarx təqdim olunub.

                                                                                                                                                      BSU-nun Mətbuat xidməti