“Azərbaycan həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir

   

     Noyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir keçirilib. Tələbə Həmkarlar Təşkilatının (THT) təşəbbüsü ilə baş tutan tədbirin əvvəlində ermənilər tərəfindən  faciəvi şəkildə qətlə yetirilmiş Xocalı qurbanlarının görüntülərini əks etdirən slayd nümayiş olunub. Tərcümə fakültəsinin tələbələri BSU-nun əcnəbi tələbələrini ingilis və rus dillərində Qarabağ müharibəsi və erməni separatçılığı barədə məlumatlandırıblar.

     Sonra BSU-nun tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Xanım Sultanova tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib. Bildirilib ki, BSU-nun 70 illiyinə həsr edilmiş tədbirin əsas məqsədi bu universitetdə təhsil alan əcnəbi tələbələri Qarabağ həqiqətləri barədə maarifləndirməkdir.

     THT-nin sədr müavini Orxan Səfərov keçirilən seminarı bütün dünya ölkələrinə Azərbaycan həqiqətlərini çatdırmaq yolunda atılan mühim addım kimi qiymətləndirib, əcnəbi tələbələri mövzu ətrafında müzakirələr aparmağa dəvət edib.

     Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ problemlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən mühim layihələrdən söz açıb. İki ölkə arasında olan münaqişənin Ermənistan üçün acınacaqlı sonluqla bitəcəyini deyən Ş.Əliyev aprel ayında Azərbaycan və Ermənistan ordusu arasında gedən döyüşlərin bunu bir daha sübut etdiyini vurğulayıb.

     Pedaqoji fakültənin dekanı Flora Naciyeva və Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova tolerantlıq və multikulturalizm mərkəzi sayılan Bakı Slavyan Universitetində Azərbaycan həqiqətlərinin əcnəbi tələbələrə çatdırılıması istiqamətində görülən işləri, keçirilən seminarları yüksək qiymətləndirib,  tədbiri təşkil edən gənclərə uğurlar arzulayıblar.

     Tədbirin davamında BSU-nun əcnəbi tələbələrinin fikriləri dinlənilib. Pakistanlı tələbələr Hüseyin Sabir və İnam Şeyxullah, polşalı müəllim Katazyna Dimitruk, rusiyalı tələbə Luiza Ağaverdiyeva, Küveytdən olan tələbə Yasir Ceiryan, tərcümə fakültəsinin tələbəsi Mölan Əliyev Qarabağ konfliktinin Azərbaycanın xeyrinə nəticələnəcəyinə əmin olduqlarını bildirib, multikulturalizm diyarı olan Azərbaycanda əcnəbilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.