18 oktyabr Bolqarıstanın mədəniyyət nazirinin müşaviri, professor Nikolay Ovçarov, Bolqarıstanda çıxan nüfuzlu “Standart” qəzetinin icraçı direktoru və baş redaktoru Slavka Buzukova, qəzetin redaktor müavini Yekatertina Nikolova Bakı Slavyan Universitetinin qonağı olublar.
Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qarşılayaraq, onlara Bolqaqrıstanla Azərbaycan arasındakı dostluq münasibətlərinin, elm və tələbə mübadiləsi sahəsindəki əməkdaşlığın tarixi barədə məlumat verib. O, universitetdə bolqar dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini, azərbaycanlı tələbələrin Bolqarıstanın tarixinə, etnoqrafiyasına, iqtisadi və mədəni həyatına xüsusi maraq göstərildiyini bildirib. N.Əliyeva bu marağın səbəbsiz olmadığını, onun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti M.Əliyevanın adıçəkilən ölkədəki quruculuq, təmir və tikinti işlərinə xüsusi diqqətinin nəticəsi kimi meydana çıxdığını vurğulayıb: “YUNESKO-nun xoş məramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva Bolqarıstanda bir çox kilsə və müqəddəs yerlərin təmirinə dəstək verib. Ümumiyyətlə, H.Əliyev Fondu bu istiqamətdə fəaliyyətini genişləndirərək O, Avropanın digər bir çox ölkələrində də bu sahədə layihələr həyata keçirməkdədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında, ölkəmizin, xalqımızın multikultural dəyərlərə ciddi önəm verməsinin, cəmiyyətdə tolerant münasibətlərin tam bərqərar olmasının ən bariz nümunəsi sayıla bilər”.
“Standart” qəzetinin baş redaktoru Slavka Bozukova da öz növbəsində Bolqarıstan Respublikasının Azərbaycanı qardaş ölkə saydığını, ölkələrimiz arasındak səmimi münasibətlərin getdikcə daha dərinləşdiyini bildirib. S.Bozukova Bolqarıstanda fəaliyyət göstərən əksər universitetlərin Azərbaycanın ali məktəbləri ilə, ilk növbədə isə BSU ilə əməkdaşlıq etmək istədiyini qeyd edib.
Tərəflər universitetlər arasında tələbə mübadilələrinin və birgə tədqiqat işlərinin aparılmasının genişləndirilməsi barədə razılığa gəliblər.
Daha sonra qonaqlar universitetdə fəaliyyət göstərən H.Əliyev zalında və Bolqarıstan Dili və Ədəbiyyatı Mərkəzində olublar. Sonda isə qonaqlar universitetdə keçirilən Azərbaycanın müstəqilliyinin 25 illiyyinə həsr edilmiş tədbirlərdə iştirak ediblər.