BSU-da Müəllimlər Günü qeyd olunub

     Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin professor-müəllim heyətini əlamətdar gün münasibəti ilə təbrik edib: “Əziz müəllimlər! Bayram münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. İş fəaliyyətinizin önündə daim müvəffəqiyyət, yeni nailiyyətlər dayansın. Bu gün Bakı Slavyan Universitetinin təhsildə tutduğu mövqe, qazandığı uğurlar siz müəllimlərin sayəsindədir. Müəllim adının ucalığını qəlbinizdə hər zaman fəxrlə, şərəflə daşıyasınız”. Sonra professor N.Əliyeva müəllimlərə həsr edilmiş şeir səsləndirib, tədbirə təşkilatçılıq edən tələbələrə minnətdarlığını bildirib.

     Tədbir konsert proqramı ilə davam edib. Universitetin özfəaliyyət dərnəyinin hazırladığı rəqslər, şeir və musiqi nömrələri təqdim olunub. Tələbələr BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzlərinin adından rus, polyak, belarus, bolqar, Ukrayna dillərində müəllimləri təbrik ediblər.

                                                                                                                                                                                                                     BSU-nun Mətbuat xidməti