Gənclər dövlət başçısının ətrafında sıx birləşir

     

     23 dekabrda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti üzrə ərazi ilk partiya təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

     Yığıncağı BSU-nun rektoru, YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva açaraq ölkədəki ictimai-siyasi vəziyyətdən, son illərdə Azərbayacanda həyata keçirilən nəhəng quruculuq işlərindən, dövlət və xalqın yekdilliyindən, gənclərin ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birliyindən danışıb. O, bu gün Azərbaycanın siyasi, iqtisadi, hərbi, elmi-texnoloji baxımdan regionun lider dövləti olduğunu vurğulayıb, insanların həyat və yaşayış şəraitinin xeyli yüksəldiyini qeyd edib. 

     N.Əliyeva düzgün iqtisadi siyasət nəticəsində ölkəmizdə yoxsulluğun 49 faizdən 5 faizə endiyini diqqətə çatdırıb. 
     Rektor dövlət başçısının xüsusi sərəncamla 2016-cı ili “multikulturalizm ili” elan etməsini Azərbaycan dövlətinin yürütdüyü sülh və əmin-amanlıq siyasətinin tərkib hissəsi kimi dəyərləndirib. O, Azərbaycanın güclü hərbi potensiala malik olsa da, Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdə israrlı olduğunu bildirib. N.Əliyeva gənclərimizi ölkəmizdə həyata keçirilən bu böyük quruculuq işlərində ölkə başçısını dəstəkləməyə çağırıb.

     Sonra BSU-nun müəllim-tələbə heyətindən YAP-a keçmək üçün 134 nəfərin ərizə ilə təşkilata müraciət etdiyi bildirilib və onlar partiya sıralarına qəbul ediliblər.

     YAP Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının sədr əvəzi, BSU-nun baş müəllimi Rəşad Abbaszadə çıxışında gənclərin siyasi baxımdan çox fəal olduqlarını qeyd edib və YAP-a daxil olmaq üçün verilən ərizələrin çoxluğunun da bununla bağlı olduğunu bildirib. Ölkəmizdə gedən inkişaf və quruculuğun gənclərin diqqət mərkəzində olduğunu qeyd edən natiq onları sosial şəbəkələrdə daha aktiv olmağa çağırıb.

     Filologiya və xarici dili müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov inkişaf və tərəqqinin göz qabağında olduğunu vurğulayıb. O, Azərbaycanın bütün göstəricilər üzrə region dövlətlərini qabaqladığını bildirib. İ.Həmidov çıxışının sonunda BSU gənclərinin ölkə başçısı ətrafında sıx birləşdiyini qeyd edib.

     Siyasi elmlər kafedrasının müdiri, professor Cahangir Rzayev Azərbaycanın müstəqilliyinin mürəkkəb yollarından danışaraq, bugünkü inkişafa asanlıqla nail olunmadığını deyib. O, xalqımızın bu böyük qələbələrə Ümummilli lider Heydər Əliyevin və ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında imza atdığını bildirib. C.Rzayev son illərdə regionlarda gedən quruculuq və abadlıq işlərindən də danışıb. Natiq çıxışının sonunda bu inkişaf tərəqqinin davamlı olamasının məhz gənclərin dövlət başçısı ətrafında birliyindən keçdiyini söyləyib.

     Tələbə Günay Kazımova gənclərə göstərilən etimada görə partiya və universitet rəhbərliyinə minnətdarlığını bildirib.