Böyük alim, böyük insan

     22 dekabrda Bakı Slavyan Universitetində (BSU) görkəmli iqtisadçı, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin 90 illik yubileyi münasibəti ilə Aqil Əliyev: “Böyük alim, böyük insan” adlı dəyirmi masa keçirilib. Magistratura şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə tərbiyə işləri üzrə prorektor, f.ü.f.d Xanım Sultanova qeyd edib ki, bu tədbir prezident İlham Əliyevin "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən BSU-da təşkil olunan silsilə tədbirlərdən biridir.

     Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının baş müəllimi Mətanət Şadlinskaya çıxışında Aqil Əliyevin iqtisadi fəaliyyətinin mərhələləri haqqında iştirakçılara məlumat verib. 
Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Pərvin Sadıqova Aqil Əliyevin elmi fəaliyyətinin bu günümüzlə səsləndiyini vurğulayıb.

     Tədbirin iştirakçısı Azərbaycan dili ixtisası üzrə II kurs magistrantı Gülnarə Əliyeva Aqil Əliyevin bioqrafiyası haqqında danışıb. Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə I kurs magistrantı Könül Əlizadə Aqil Əliyevin həyatına onu tanıyan dostlarının xatirələri ilə nəzər saldı, onun xeyirxahlıq əməllərini sadalayıb. 
Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyev Aqil Əliyevi yaxından tanıyan şəxs kimi onunla bağlı xoş xatirələri iştirakçılarla bölüşüb

     Magistrantlar şurasının sədri Rüfət Həşimov çıxışında Aqil Əliyev haqqında dəyərli fikirlər səsləndirib.

     Tədbirdə magistrantların Aqil Əliyev haqqında hazırladıqları video-çarx təqdim olunub.

Aytəkin Qardaşova