BSU-da Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

     20 dekabrda Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. BSU-nun təlim- tərbiyə işlər üzrə prorektoru, f.ü.f.d Xanım Sultanova Aqil Əliyevin keçdiyi şərəfli ömür yolundan söhbət açıb. Aqil Əliyevin səmərəli elmi-pedaqoji fəaliyyətindən danışan X.Sultanova alimin 90 illik yubileyi ilə əlaqədar BSU-da keçiriləcək tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

     Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov Aqil Əliyevin tanınmış alim kimi elmi yaradıcılığı haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, A.Əliyevin hələ Sovet dövründə Tibb Universitetində rəhbərlik etdiyi iqtisadiyyat kafedrası bütün SSRİ-də məşhur olub. Onun bu kafedrada hazırladığı iqtisadi konsepsiyalar SSRİ iqtisadiyyatının inkişafına böyük töhfələr bəxş edib.

     Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının baş müəllimi 
Babaşah Babayev çıxışında qeyd edib ki, 1980- ci illərin əvəllərində, SSRİ-də ərzaq çatışmazlığı döründə Aqil Əliyev bu böhrandan çıxmaq üçün çox mühim iqtisadi nazəriyyə hazırlayıb, bu nəzəriyyəni öyrənib, bütün SSRİ ərazisində tədbiq etmək üçün o vaxtlar Sankt-Peterburq Akademiyasından Bakıya bir qrup alim gəlib.

     Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri professor Məmməd Əliyev görkəmli alimin xeyriyyəçilik işləri barədə maraqlı söhbət açıb.

     Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının baş müəllimi Mətanət Şadlinskaya, Azərbaycan tarixi və İctimai elmlər kafedrasının dosentləri Qalib Barxalov, Arzuman Əmirov çıxışlarında A.Əliyevin 4 elmlər doktoru, 8 elmlər nəmizədi və aspirantlar yetişdirməsindən, onun 50 il işlədiyi Tibb Universitetində bacarıqlı müəllim kimi tələbələrə yanaşmasından, bunun sayəsində tələbələrin sevimlisinə çevrilməsindən və digər insani keyfiyyətlərindən danışıblar.

     Elmi seminarın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.