BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

          

         15 noyabr Bakı Slavyan Universitetinin akt zalında Azərbaycan Multilukturalizmi kafedrasının təşkilatçılığı ilə “Tolerantlıq həyat tərzidir” adlı geniş tədbir keçirilib. Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Ombudsman Aparatının seksiya müdiri Müqalib Mahmudov, Almaniyada yaşayan dağ yəhudisi, uşaq şairi Simax Şeyda və tanınmış media nümayəndələri iştirak ediblər.

         BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbiri açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 2016-cı ilin Multikulturalizm ili elan edilməsinin dünyaya bir örnək olduğunu bildirib. N.Əliyeva multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının köklərinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Azərbaycanda tolerantlığın kökünün tarixin dərin qatlarına getdiyini bildirən natiq  Hüseyn Cavid, Nəriman Nərimanov kimi görkəmli sənətkarların əsərlərindən gətirilən nümunələrlə xalqımızın tarix boyu digər xalqalara hörmət və ehtiramla yanaşdığını vurğulayıb. Natiq öz sözünü multikulturalizm omadan müasir dünyada yaşamağın mümkün olmadığını bildirib.

             Musiqi ilə sözün bir-birini əvəzlədiyi tədbirdə rektorun çıxışından sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan“ mahnısı  BSU tələbələri tərəfindən ifa olunub.

           Sonra  söz Azərbaycan Multilukturalizmi kafedrasının müdiri, dosent Ülviyyə Abbasovaya verilib. Ü.Abbasova öz məruzəsində həm milli – tarixi dəyərləri , həm də günümüzün yaşam tərzini multikulturalizmə bariz nümunə kimi nişan verib. O, dünyada qaçqın-köçkün probleminin vüsət götürdüyü bir zamanda multikulturalizmin yeganə xilas yolu olduğunu qeyd edib. Kafedra müdiri bildirib ki, Avropa ölkələrinin multikultural dəyərlərdən imtina etməsinin acı nəticələri gözümüzün qarşısındadır: “Yüz minlərlə insan Avropa küçələrində qalıb”. Belə bir zamanda Azərbaycan öz ərazisində yaşayan xalqların milli, dini, etnik, linqvistik fərqlərdən asılı olmayaraq, sülh və əmin-amanlıq şəraitində yaşaması dünyaya bir örnək olmalıdır.

           Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin çox kəskinləşdiyi bir zamanda Azərbaycanın multikulturalizmə üz tutmasını dövlət başçımızın müdrik siyasətinin əsas göstəricilərindən biri olduğunu qeyd edib. M.Qurbanlı son 15 ildə 2, 5 milyon insanın dini-etnik zəmində baş vermiş toqquşmalarda həlak olduğunu bildirib. O, Azərbaycanın və ümumiyyətlə türk dövlətlərinin təcrübəsində heç zaman milli, dini-etnik baxımdan qarşıdurmaların olmadığını xüsusi vurğulayıb. Komitə sədri Azərbaycan Konstitusiyasının ölkə ərazisində yaşayan bütün etnik azlıqlara dərin hörmət və ehtiramla yanaşdığını diqqətə çatdırıb. M. Qurbanlı dünyanın 57 müsəlman ölkəsindən 28-nin konstitusiyasında “müsəlman” sözünün qabardıldığı halda, Azərbayca konstitusiyasında bu mənada fərqə yol verilmədiyini diqqətə çatdırıb.

         Almaniyada yaşayan dağ yəhudisi, uşaq şairi Simax Şeyda və Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata Azərbaycanda milli-dini fərqlərin  olmadığını, müsəlman məscidləri ilə yanaşı sinaqoq və kilsələrin fəaliyyət göstərdiyini bildiriblər.

         Ombudsman Aparatının Seksiya müdiri Müqalib Mahmudov da Azərbaycanda multikulturalzimin siyasi hüquqi bazasının olduğunu və bu sahədə heç bir problem yaşanmadığını qeyd edib.

         Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbələri, BSU-nun Tələbə Multikulturalizm Klubunun üzvləri tədbiri konsert proqramı ilə davam etdiriblər.

BSU-nun Mətbuat xidməti