Məzunlarımız

1957-1961 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

ƏMİNƏ YUSİFQIZI

BƏDİİ QİRAƏT USTASI

      Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulmuşdur. Bədii qiraət ustası kimi tanınır. M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir. 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti , 2010-cu ildə Cəfər Cabbarlı mükafatı, 2016-cı ildə isə "Şöhrət" ordeni (Azərbaycan) ilə təltif olunmuşdur.

2006-2010 TƏDRİS İLİ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ REGİONŞÜNASLIQ

ELDAR QASIMOV

MÜĞƏNNİ

        Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə, 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin  Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil almış və universiteti qırmızı diplomla bitirmişdir. 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.   Azərbaycanı  2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən  Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri mahnı finalda 221 xalla birinci olmuşdur.

1977-1981 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

NİZAMİ ZÖHRABİ

YAZIÇI

      Nizami Zöhrabi 1955-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində anadan olub. 1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Həzrəti Muhəmmədin (s.ə.v.) həyatından bəhs edən “Məkkədən doğan Günəş” adlı 2 hissəli poeması ölkəmizdə və onun hüdudlarından kənarda oxucu rəğbəti qazanmış və bir neçə dəfə çap olunmuşdur.  Bundan başqa, şairin İstanbulun fəthindən bəhs edən “Fateh” poeması 2004-2007-ci illərdə 5 dəfə Azərbaycanda, 2006-cı ildə Türkiyədə  və Türk dünyasının əvəzsiz öndəri Atatürkə həsr edilmiş “Ulu Türkün Öndəri” poeması 2010-cu ildə Ankarada T.C. Atatürk Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilmişdir. Azərbaycanda Atatürkə həsr edilmiş ilk və hələlik tək olan “Dünya durduqca yaşa” adlı marşın da sözləri Nizami Zöhrabiyə aiddir. Həzrəti Muhəmmədə (s.ə.v.) həsr olunmuş “Nəti Şərif” şeir müsabiqəsində və  Atatürkə həsr olunmuş şeir müsabiqəsində mükafat almışdır. 18 iyul 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir

1959-1965 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

LİDİYA RƏSULOVA

TƏHSİL NAZİRİ

      Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962-1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır. Lidiya Rəsulova 1981-1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova pedaqoji fəaliyyətini davam etdirərək ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların yetişdirilməsi prosesində iştirak etmişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də ömrünün 71-ci ilində vəfat etmişdir

1968-1973 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

FƏXRƏDDİN TƏHMƏZOV

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ

      Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir. 1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər  MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1969-1974 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

AKİF ƏLİ

NAZİRLƏR KABİNETİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ

      Akif Əli 1952-ci il  Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (1974). "Uzun müharibədə qısa görüşlər" filmində Rüstəm, "Tütək səsi" filmində Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, "Gözəlliyin qədrini bilək", "Azərbaycanın müasir kinoaktyorları", "Unudulmaz yollar" , "Məhəbbət təranələri", "Qaragöz oyunu", "M.Ə.Sabirin satira sənətkarlığı", "Öncə – vətəndir", "Böyük ömrün anları", "İdrak", "Azman"  kitablarının, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir. Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

 

1989-93 TƏDRİS İLİ

RUS DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ

Ülfət İman oğlu Əliyev

XOCALI ŞƏHİDİ

     Vətənimizin 26 fevral günü qəhrəmanlıqla şəhid olmuş övladlarından biri də Ülfət İman oğlu Əliyev olub. Xocalının işğal edildiyi gün bütün xocalılar kimi onun da təkcə ocağının yox, həm də ürəyinin işığı söndürüldü. Ülfət 1972-ci ildə Xocalı rayonunun Əsgəran kəndində anadan olmuşdu. 1989-cı ildə kənd orta məktəbini bitirir və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və Ədəbiyyatı” fakültəsinə, yəni indiki Bakı Slavyan Universitetinə daxil olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən Əliyev Ülfət də şəhid olub.