AZƏRBAYCAN FİLOLOGİYASI VƏ JURNALİSTİKA FAKÜLTƏSİ

          

     Azərbaycan filologiyası və jurnalistika fakültəsi Bakı Slavyan Universitetinin 23.09.2011-ci il tarixli 4 saylı əmri ilə Azərbaycan filologiyası və Jurnalistika ixtisasları üzrə kadr hazırlığını aparmaq, bu sahədə mövcud kadr potensialından, elmi-metodik və texniki bazadan səmərəli istifadə etmək məqsədilə yaradılıb. Fakültəsinin nəzdində dörd kafedra fəaliyyət göstərir: Jurnalistika, Türkologiya, Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan dili. Fakültədə 434 tələbə təhsil alır: bunların 325-i Azərbaycan bölməsində, 9 nəfər isə rus bölməsindədir. Fakültədə 100-ə yaxın müəllim çalışır. Bundan başqa, «H.Əliyev məktəbi» tələbə tele-radio studiyası, «Tədrisdə yeni texnologiyalar və innovasiyalar» mərkəzi, Fotojurnalistika laboratoriyası, Analitik-informasiya mərkəzi də fakültənin tədris ehtiyaclarına xidmət edir.

     Hazırda Azərbaycan filologiyası və jurnalistika fakültəsi dövlət universitetləri arasında jurnalist kadrları hazırlayan iki mərkəzdən biridir. Fakültədə Azərbaycan dili və ədəbiyyatının nəzəri əsasları və inkişaf dövrləri, jurnalistikanın əsasları və müasir problemləri öyrədilir. Fakültədə «Filologiya (Azərbaycan dili və ədəbiyyatı)», «Jurnalistika», «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasları üzrə kadrlar hazırlanır.

     Jurnalist kadrların hazırlanmasında, tələbələrin peşə vərdişlərinə yiyələnməsində fakültənin maddi-texniki bazasından – Yeni media laboratoriyası, Fotojurnalistika laboratoriyası, Tələbə tele-radio studiyasından səmərəli istifadə olunur. İxtisaslara uyğun olaraq dərslərdə tanınmış jurnalistlər, professorlar və elm xadimləri iştirak edir. Həmçinin tələbələrin müasir şair və yazıçılarla, elm xadimləri ilə mütamadi olaraq görüşləri keçirilir. Bunlar da tələbələrin öz ixtisaslarına daha dərindən yiyələnməsinə yardım edir.

     Tələbələrimiz peşələrinə uyğun olaraq müxtəlif qəzet və agentliklərdə, tele-radio kanallarında təcrübə keçirlər. «Azərbaycan dili və ədəbiyyatı» müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr Bakı şəhərinin qabaqcıl məktəblərində pedaqoji təcrübə keçirlər. Onlar həmçinin ölkəmizin digər şəhəhərlərinə də könüllü olaraq pedaqoji təcrübəyə göndərilirlər.