TƏRCÜMƏ FAKÜLTƏSİ

    Fakültə 2004-cü ilədək Regionşünaslıq və tərcümə fakültəsinin tərkibində fəaliyyət göstərmiş Tərcümə şöbəsinin bazasında yaradılmışdır. Bakı Slavyan Universitetinin Tərcümə fakültəsi 2004-2005-ci tədris ilində fəaliyyətə başlamışdır.

     Tərcümə fakültəsində Azərbaycan, rus, ingilis, polyak, çex, bolqar, yunan Ukrayna və s. dillər üzrə yüksəkixtisaslı tərcüməçi kadrları hazırlanır. 2004-2005-ci tədris ilindən etibarən respublikada ilk dəfə olaraq iki ixtisaslaşma dili üzrə tərcüməçi hazırlığına başlanmışdır ki, bu dillərdən biri slavyan, ikincisi isə Qərbi Avropa dillərindən biridir: rus və ingilis, polyak və ingilis, bolqar və ingilis, Ukrayna və ingilis dilləri və s. Eyni zamanda fakültədə Azərbaycan, ingilis, yunan dilləri üzrə də tərcüməçi kadrlar hazırlanır. 

     Fakültədə Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, bir çox xarici ölkələrdən (Rusiya Federasiyası, Çin Xalq Respublikası, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və s.) olan gənclər də təhsil alırlar.

     Fakültə tələbələri öz ixtisaslaşma dilləri üzrə dərin praktik və nəzəri biliklər alırlar. Yuxarı kurslarda tələbələrin seçimi əsasında tərcüməçilik fəaliyyətinin müxtəlif sahələri (bədii tərcümə, publisistik tərcümə, elmi-texniki tərcümə, şifahi tərcümə və s.) üzrə daha dar ixtisaslaşma aparılır. Bu qruplarda məşğələlər təcrübəli müəllimlərin və peşəkar tərcüməçilərin rəhbərliyi altında keçirilir.

     Universitetdə fəaliyyət göstərən müxtəlif ölkələrin tədris-mədəniyyət mərkəzləri, ən müasir tədris avadanlığı və texniki vasitələr tələbələrə zəruri biliklərin aşılanmasına, onlarda peşəkar vərdiş və bacarıqların formalaşdırılmasına xidmət edir.

     Fakültədə təhsil alan tələbələr öz ixtisaslaşma dillərinə müvafiq olaraq müxtəlif Avropa ölkələrinin universitetlərində təhsillərini davam etdirmək, yay məktəblərində iştirak etmək və ya staj keçmək imkanına malikdirlər.

     Fakültənin tələbələri müxtəlif nazirliklərdə və idarələrdə, qeyri hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrinin redaksiyalarında və s. istehsalat təcrübəsi keçirlər.Tələbələrin elmi-tədqiqat işinə cəlb edilməsinə də xüsusi diqqət yetirilir.

     Fakültənin təşkilatçılığı ilə ənənəvi «Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri» Respublika tələbə elmi-praktik konfransı, başqa mövzular üzrə bir sıra elmi konfrans və seminarlar keçirilir. Respublikanın digər universitetlərində,eləcə də xarici ölkə universitetlərində keçirilən tələbə elmi konfranslarında BSU-nun tərcüməçi tələbələrinin iştirakı təmin edilir.

     Hazırda Tərcümə fakültəsində aşağıdakı dillər üzrə mütəxəssis hazırlığı aparılır:

     Tərcümə (ingilis dili)
     Tərcümə (Azərbaycan və rus dilləri)
     Tərcümə (yunan dili)
     Tərcümə (bolqar dili)
     Tərcümə (ukrayna dili)
     Tərcümə (çex dili)
     Tərcümə (polyak dili)
     Tərcümə (rus və Azərbaycan dilləri)

     Müxtəlif illərdə fakültəyə dosentlər T.Həsənov, K.Hacıyev, S.Tarverdiyeva rəhbərlik etmişlər.