RUSİYA FEDERASİYASININ BİRİNCİ PREZİDENTİ B.YELTSİN ADINA URAL FEDERAL UNİVERSİTETİNİN AZƏRBAYCANŞÜNASLIQ MƏRKƏZİİ

    

       Rusiya Federasiyasının birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzi 8 fevral 2014-cü il tarixində açılmışdır. Açılış mərasimində universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, İnstitut direktoru prof. M.B.Xomyakov, Bakı Slavyan Universitetinin prorektorları prof. A.A.Hacıyev və dos. O.Ə.Səmədov, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulları M.İ.Əhmədov və İ.F.İskəndərov, Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.M.Şıxlinski, Sverdlovsk vilayətinin qubernatoru yanında Millətlər İşləri üzrə Məşvərət Şurasının üzvü və işçi qrupunun rəhbəri N.F.Tümenseva, UrFU Sosial və Siyasi Elmlər İnstitutunun Beynəlxalq münasibətlər Departamentinin direktor müavini A.S.Buynasov, Avropa araşdırmaları kafedrasının müdiri prof. A.G.Nesterov, Ukrayna, Tacikistan, Gürcüstan və Başqırdıstan milli icmaları regional şuralarının sədrləri, Sverdlovsk vilayəti ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dili tədris olunan V.N.Tatişev adına 108 saylı gimnaziyanın müəllim və şagirdləri iştirak etmişlər.

    Mərkəz müasir texniki avadanlıqlar kompüterlər və proyektorlarla təchiz edilmiş, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatlardan, sənədli və bədii filmlərdən, klassik və müasir musiqi nümunələrindən ibarət disklərlə, milli məişət və bəzək əşyaları ilə təmin edilmişdir. Mərkəzin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən fotoalbom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, dilçiliyə dair elmi nəşrlər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından ibarətdir.